Yuxarı

Rejissor Bəhram Osmanov yeni tamaşa hazırlayır

Türk yazarın əsəri Milli Teatr Günündə tamaşaçılara təqdim ediləcək

Bakı.13 yanvar. REPORT.AZ/ Tanınmış rejissor, əməkdar incəsənət xadimi Bəhram Osmanov Akademik Milli Dram Teatrında yeni əsərin məşqinə başlayıb. Türk yazıçısı Toyqun Ozbayın "İyirmi bir on beş qatarı" əsəri əsasında hazırlanan tamaşa martın 10-da Milli Teatr Günü münasibətilə teatrsevərlərə təqdim ediləcək. Bu barədə "Report"a açıqlamasında Bəhram Osmanovun özü məlumat verib.  

O, əsəri çox bəyəndiyini deyib: "Hazırda tamaşanın stolarxası məşqlərinə başlamışıq. Tamaşanın martın 10-na təhvil verilməsi gözlənilir. Bu fikir Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilova aiddir. İsrafil müəllim Milli Teatr Günündə bu tamaşanın premyerasının olmasını məsləhət bilib. Tamaşada Xalq artistləri Hacı İsmayılov, Nurəddin Mehdixanlı, əməkdar artistlər Sənubər İsgəndərli, Kazım Abdullayev çıxış edəcək. Əsərdə Dvorjakın "Rusalka" operasının musiqisindən istifadə ediləcək. Tamaşanın premyerasında müəllifin özünün iştirakı gözlənilir".

Qeyd edək ki, ixtisasca beyin cərrahı olan Toyqun Ozbay Türkiyədə rəssam və yazıçı kimi tanınır. 1956-cı ildə İstanbulda doğulan Toyqun Ozbay "Mat", "İyirmi bir on beş qatarı", "Şərəfinə İnsanoğlu" əsərlərinin müəllifidir. Hər üç əsər Türkiyənin müxtəlif teatrlarının səhnəsində, o cümlədən ABŞ-da səhnəyə qoyulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi