Nizami Kino Mərkəzində "İkimizin yerinə" türk filminin qala gecəsi olub - FOTO

Nizami Kino Mərkəzində "İkimizin yerinə" türk filminin qala gecəsi olub - FOTO Nümayişdə aktrisa Serenay Sarıkaya və Zerrin Tekindor da iştirak edib
İncəsənət
26 Oktyabr , 2016 23:39
Nizami Kino Mərkəzində İkimizin yerinə türk filminin qala gecəsi olub - FOTO

Bakı. 26 oktyabr. REPORT.AZ/ Bakının Nizami Kino Mərkəzində "İkimizin yerinə" adlı türk filminin qala gecəsi keçirilib.

"Report"un xəbərinə görə, gecədə filmin əsas qəhrəmanlarından olan aktrisa Serenay Sarıkaya və Zerrin Tekindor da iştirak edib. Onlar zalda tamaşaçılarla birlikdə filmi seyr etdikdən sonra mətbuat nümayəndələrinin suallarını cavablandırıblar.

Sənət adamları paytaxt Bakını və Azərbaycan mətbəxini, xüsusilə də düşbərəni çox bəyəndiklərini dilə gətiriblər. S.Sarıkaya qala gecəsində müşahidə olunan izdihamdan razı qaldığını və bunun onda sevinc hissi yaratdığını deyib. Gənc aktrisa eyni zamanda, Azərbaycandan hansısa filmdə çəkilməklə bağlı təklif gələrsə, bunu məmnuniyyətlə qəbul edə biləcəyini əlavə edib:

"Serialda və ekran işlərində adətən mahnı səsləndirirəm. Səsimin yaxşı olduğunu deyirlər. Ancaq aktrisalıq həyatımın bir parçasıdır. Ona görə də özümü, hələlik müğənni kimi yox, məhz aktrisa kimi sınamağı üstün tuturam".

O, bu ekran işində tanınmış həmkarı Zerrin Tekindorla birlikdə çəkilməyi özünə şərəf saydığını deyib. Zerrin Tekindor da öz növbəsində gənc aktrisa ilə eyni filmdə yer almaqdan razılığını ifadə edib: "Serenay gənc olsa da, istedadlı biridir. Ona bundan sonrakı yaradıcılığında da uğurlar arzu edirəm".

Mətbuat konfransında bildirilib ki, çəkilişlər 5 həftə ərzində Mudanya şəhərində aparılıb.

Film Çiçək adlı qızın (Serenay Sarıkaya) həyatından bəhs edir. O, kiçik qəsəbədə ailəsi ilə birgə istəmədiyi bir həyatı yaşayır. Lakin ora yeni gələn ədəbiyyat müəllimi Doğanla tanışlıq (Nejat İşlər) qızın həyatını tamamilə dəyişir. Doğan mümkünsüz sevgiyə qarşı çıxsa da, sonda Çiçəyə aşiq olur. Bununla da cütlük arasında böyük sevgi hekayəsi başlayır. Onlar fərqli həyatlarına baxmayaraq bir-birilərinin yaralarını sarımağa çalışsalar da, bir ailənin də taleyini kökündən dəyişirlər.

Qeyd edək ki, ekran işinin rejissorluğunu Umur Turagay edib. Filmdə əsas obrazları səhhəti ilə bağlı yaradıcılığında uzun müddət fasilə verən Nejat İşlər, Serenay Sarıkaya, Zerrin Tekindor və İştar Gökseven canlandırıb.

Son xəbərlər

Orphus sistemi