Yuxarı

Molla Cümənin 160 illik yubileyi keçiriləcək

Molla Cümə 1920-ci ilin aprelində XI rus ordusu ilə döyüşdə həlak olub

Bakı. 4 noyabr. REPORT.AZ/ Azərbaycan aşıq məktəbinin görkəmli nümayəndəsi Molla Cümənin 160 illik yubileyi keçiriləcək.

"Report" xəbər verir ki, yubiley tədbiri dekabrın 4-də Rəşid Behbudov adına Mahnı Teatrında olacaq.

Qeyd edək ki, Molla Cümə 1854-cü ildə Şəkinin Aşağı Layısqı kəndində anadan olub. Şeirlərindən aydın olur ki, Molla Cümə hicri tarixilə 1332-ci ildə, miladi tarixilə 1914-cü ildə 60 yaşına çatıb. Bunu nəzərə alaraq onun 1854-cü ildə doğulduğu ehtimal olunur. Təxəllüsü "Molla" olsa da, heç vaxt mollalıq etməyib. Bu təxəllüs ona savadlı olduğu üçün verilib. Molla Cümənin dəqiq elmi tərcümeyi-halı heç bir mənbədə yoxdur. Onun həyatı haqqında ən səhih mənbə şeir və dastanlarıdır. Molla Cümənin anadan olma tarixi indiyə qədər təxmini qeyd edilib. XX əsrin əvvəllərində aşıq əldə olan bütün şeirlərini bir yerə yığıb səliqə ilə köçürüb və oğlu Həsənə verib.

Molla Cümənin əksər şeirlərində İsmi Pünhanın adı çəkilir, bir çox şeirləri də İsmi Pünhana müraciətlə yazılıb. Molla Cümənin ədəbi irsi içərisində Qədim Şərq, Azərbaycan əfsanə və əsatirləri, xüsusilə İslam dünyası ilə əlaqədar çoxlu şeirlər var. Molla Cümə hər şeydən əvvəl məhəbbət aşığıdır. O, özünü ən məşhur, cəfakeş, əzabkeş aşiqlərin cərgəsində sayır. Qeys, Fərhad, Yusif, Tahir, Kərəm, Qərib, Vərğa, Qənbər, Şeyx Sənan kimi aşiqlərlə özünü müqayisə edir.

Molla Cümə 1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikasının ən fədakar tərəfdarlarından biri kimi, 1920-ci ilin aprelində Azərbaycana soxulan XI rus ordusu ilə döyüşdə həlak olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi