Yuxarı

Azərbaycanın üç mədəniyyət və incəsənət xadimi təltif edilib

Bu barədə Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb

Bakı. 23 yanvar. REPORT.AZ/ Xalq Artisti, Prezident təqaüdçüsü, “Şöhrət” ordenli rejissor Cənnət Səlimova 75 yaş, Şəki Dövlət Dram Teatrının aktyorları Xanlar Həşimzadə və Oqtay Əhmədovun 60 yaş yubileyləri münasibətilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təltif ediliblər.

Bu barədə “Report”a nazirlikdən bildirilib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru olan C.Səlimova Azərbaycan Dövlət Musiqili Teatrında Ü.Hacıbəylinin “O olmasın, bu olsun”, İ.Kalmanın “Silva”, "Maritsa", F.Leqarın "Şən dul qadın" tamaşalarına və Opera və Balet Teatrında R.Leonkavallo “Payatsi”, C.Verdinin “Traviata”, C.Puççini “Boqema” operalarına quruluş verib.

Xanlar Həşimzadə müxtəlif illərdə Şəki Dövlət Dram Teatrında U. Şekspirin “Kral Lir” faicəsində Fransız Kralı, M.F.Axundzadənin “Hacı Qara”sında Hacı Qara, “Lənkəran xanın vəziri”ndə Mehtər Kərim, “Molla İbrahimxəlil kimyagər”ində Molla İbrahimxəlil, C. Məmmədquluzadənin “Dəli yığıncağı"nda Molla Abbas, H. Cavidin “İblis”ində İxtiyar və digər bir çox maraqlı obrazlar yaratmaqla tamaşaçıların rəğbətini qazanıb.

Şəki Dövlət Dram Teatrının digər aktyoru Oqtay Əhmədov isə U.Şekspirin “Romeo və Culyetta” əsərində Əczaçı, B.Brextin “Arturo Uinin karyerası”nda Ölüm, Vannusun “Şah ya qeyrisi, şah elə şahdır” tamaşasında Təlxək, R.Əlizadənin “Tıq-tıq xanım” tamaşasında Dozanqurdu və s. bu kimi maraqlı obrazlar yaradıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi