Yuxarı

​Los-Ancelesdə Azərbaycan klassik musiqisinə həsr olunmuş gecə keçirilib

Baş konsul Nəsimi Ağayev Azərbaycan musiqisi barədə geniş məlumat verib

Bakı. 26 iyul. REPORT.AZ/ Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunda ABŞ-ın ən nüfuzlu tibb ocaqlarından olan Cedars-Sinai Tibb Mərkəzinin “Bir ürək xilas et” fondunun üzvləri üçün Azərbaycan klassik musiqisinə həsr olunmuş tədbir keçirilib.

Baş konsulluqdan "Report"a bildirilib ki, tədbirdə çıxış edən Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev milli musiqi sənətimizin tarixindən bəhs edərək, Azərbaycanın klassik musiqi janrı haqqında məlumat verib.

Azərbaycanın Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov kimi dahi bəstəkarlarının olduğunu bildirən baş konsul, klassik musiqi sənətimizin inkişafında bu incəsənət xadimlərinin əvəzolunmaz rolundan bəhs edərək, onların dünyanın mədəniyyət yaddaşına həkk olunmuş əsərlərindən söz açıb.

Eyni zamanda, diplomat, qədim tarixə malik Azərbaycan muğam məktəbi barədə də danışıb. Muğam məktəbimizin dünya musiqisinə verdiyi töhfələrin önəmindən bəhs edən baş konsul, 1977-ci ildə Azərbaycan muğamının NASA tərəfindən dünyanın 27 nadir musiqi əsərləri sırasına daxil edilərək, Voyager uçuş aparatları vasitəsilə kosmosa göndərildiyini diqqətə çatdırıb.

Sonra baş konsul, Heydər Əliyev Fondunun Azərbaycan musiqisi və mədəniyyətinin qorunması və dünyada tanıdılması sahəsində böyük işlər gördüyünü diqqətə çatdıraraq, bütün bunların zəngin mədəni irsimizin gələcək nəsillərə çatdırılması baxımından yüksək önəm daşıdığını qeyd edib.

“Bir ürək xilas et” fondunun rəhbərləri İzhar Xaruzi və Esfir Blauqrundun da çıxış etdikləri tədbir zamanı, “Arşın Mal Alan” operettasının və “Yeddi Gözəl” baletinin ABŞ premyeralarından fraqmentlər nümayiş etdirilib, tədbir iştirakçılarına Azərbaycana, xüsusilə onun musiqi və mədəniyyətinə dair müxtəlif nəşrlər və disklər təqdim olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi