Kənan Məmmədov: “Cavadxan” filmini çəkən iranlı operator Bakıya gələn kimi alverə başladı” - MÜSAHİBƏ

Kənan Məmmədov: “Cavadxan” filmini çəkən iranlı operator Bakıya gələn kimi alverə başladı” - MÜSAHİBƏ “Azərbaycanın kinooperator məktəbi məhv edilir”
İncəsənət
18 Noyabr , 2015 18:08
Kənan Məmmədov: “Cavadxan” filmini çəkən iranlı operator Bakıya gələn kimi alverə başladı” - MÜSAHİBƏ

Bakı. 18 noyabr. REPORT.AZ/ Məşhur operator, Azərbaycanın əməkdar incəsənət xadimi, Avropa Kino Akademiyasının üzvü, dövlət mükafatı laureatı Kənan Məmmədovun "Report"a müsahibəsi

- Kənan müəllim, "Azərbaycanfilm" kinostudiyasında operator sənəti ilə bağlı vəziyyət necədir?

- Vəziyyət acınacaqlıdır. Bu cür vəziyyət "Azərbaycanfilm" kinostudiyasının rəhbərliyinin bu işlərə biganə yanaşmasından irəli gəlir. Mədəniyyət və Turizm Nazirliyinin nəzdində kino idarəsi var. Mənim yaxşı tanıdığım və dostluq etdiyim Cahangir Məmmədov ora başçılıq edir. Onlar da kinooperator sənətinə biganə yanaşırlar.

- Kənan müəllim, biganəliyin səbəbi nədir?

- Əvvəlcə kinooperator sənətindən, onun tarixindən, Azərbaycanda bu sənətin formalaşmasından danışmaq istəyirəm. Bildiyiniz kimi, mən Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirmişəm. Mən kinooperatorlarımızla bağlı özüm üçün bir siyahı tərtib elədim. Həyatda olan və dünyasını dəyişmiş həmkarlarımın siyahısında cəmi 19-20 kinooperator var. Mən Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirən, peşəkar operatorları deyirəm. Mən həmin siyahıda 12-13-cü sıradayam. Söhbət ondan gedir ki, 30-cu illərədək Azərbaycan kinosunda operatorların əksəriyyəti əsasən Rusiyadan gələn kinooperatorlar olub. Məsələn, mənim müəllimlərim olan A.V.Qalperin və Mixail Kirilov da Bakıda filmlər çəkib. Bu, Azərbaycan kinosuna nəhəng fiqur, şəxsiyyət Əlisəttar Atakişiyev gələnədək davam etdi, yalnız bundan sonra kinooperator sənəti inkişafa başladı. Bununla yanaşı, Əsgər İsmayılovun adını çəkmək olar. Bunlar hər ikisi Azərbaycan kinooperator sənətinin baniləri olub. Təbii ki, hər operatorun yanında peşəkar qrup formalaşıb. Əlisəttar Atakişiyev böyük sənətkar idi, o, ilk dəfə "Arşın mal alan"ı lentə alıb və onlarla sənədli xronikaların müəllifidir. "O olmasın, bu olsun" filminin baş operatoru olmaqla peşəkar rəssam kimi fəaliyyət göstərib. Həmin filmdəki kostyumların tərtibatını verib. Sonradan da rejissorluğa keçərək gözəl nağıl filmləri çəkdi. Mən fəxr edirəm ki, onu şəxsən tanımışam. Ölümündən bir ay əvvəl Moskvada Əlisəttar Atakişiyevlə görüşdüm. O, əlini başıma qoyub dedi: "Film çəkirsən? Çək, çək". Onun əlinin istiliyini hələ də başımın üzərində hiss edirəm. Azərbaycan kinooperator məktəbinin banisi Əlisəttar Atakişiyevdir. Ondan sonra Azərbaycanın ən qüdrətli kinooperatorları Əsgər İsmayılov, Xan Babayev, Arif Nərimanbəyov, Teyyub Axundov, Əli Hüseynov, Rasim Ocaqov, Rasim İsmayılov, Zaur Məhərrəmov, Rafiq Qəmbərov, Valeri Kərimov və başqaları gəldilər. Bilirsiniz, bu adları sadalamağımda məqsəd var. Bu, Azərbaycan kinooperator məktəbinin 85 illik tarixidir. İllərlə formalaşan bu məktəbi qoruyub saxlamaq və inkişaf etdirmək lazımdır. Məsələn, Amin Novruzov, Rafiq Quliyev, Rövşən Quliyev, Rafiq Əliyev və s. Bunlar ali təhsilli operatorlardır. Amma bu gün kinostudiyada işləmirlər.

- Bildiyim qədəri ilə hər birinin xeyli yaşı var, yəni cavan deyillər...

- Xeyli yaş deyəndə, ən qocası mənəm və bu il 69 yaşım oldu. Gələn il 70 illiyimdir. Həm də kino fəaliyyətimin 40 illiyi tamam olacaq. Amma bu insanlar məndən cavandır. Hər biri çalışa bilər. Bunları deməkdə, sadalamaqda məqsədim var. Məqsədim nədir? Son illər qeyri-adi və acınacaqlı vəziyyət yaranıb. Gəlin, son illərdə çəkilən filmlərin mənzərəsinə baxaq. "Cavadxan" filmi - böyük tarixi şəxsiyyət, vətənpərvər haqqında ekranlaşdırılan filmdir. Mən bu filmin bədii tərəflərindən danışmayacam. "Cavadxan" filminə İrandan üçüncü "sort" operator gətirdilər. Deyəsən, adı Əli idi. O, kinostudiyaya gələn kimi filtr alveri ilə məşğul olmağa başladı.

- Nə filtr?

- Kino çəkilişində obyektivin qabağına işıq şəraitindən asılı olaraq müxtəlif filtrlər qoyurlar. Bu filtrlərin bir hissəsi Azərbaycanda satılmır. Həmin operator ilk dəfə mənimlə tanış olanda mənə filtr təklif elədi. İndi təsəvvür edin. Belə adamı İrandan gətirirlər və "Cavadxan" filmini çəkməyi beləsinə tapşırırlar. İranda mənim yaxınlarım çoxdur. Mənə dedilər: "Ağa, siz öz filminizə operator dəvət edəndə bizlərlə məsləhətləşin. Biz deyək ki, hansı filmi hansı operator çəkə bilər".

- "Cavadxan" filminin rejissoru Rövşən Almuradlıdır...

- Bəli, Rövşən Almuradlı ilə yaxşı münasibətlərimiz var. Amma o, müsahibələrinin birində "Bəyəm, Azərbaycanda operator yoxdur ki, siz İrandan operator dəvət etmisiniz" sualına cavab olaraq demişdi: "Mən bu gün Azərbaycanda tarixi mövzuda film çəkməyi bacaran operator görmürəm". Bax belə... Elə buna görə də İrandan aşağı səviyyəli operator gətirilir və "Cavadxan" kimi film çəkilir. Biabırçı operator işi göz qabağında...

Sonra "Nərimanfilm" studiyası var. Orada İlqar Safat adlı rejissor film çəkir. Filmin adı "Sahə"dir. Həmin filmə Gürcüstandan operator dəvət edilir. Elə bil ki, Azərbaycanda operator yoxdur. Pis çəkib, yaxşı çəkib, onu demək istəmirəm. Amma fakt budur. "Cavadxan"ın operatoru İrandan, "Sahə”nin operatoru Gürcüstandan gətirilir. Düzdür "Nərimanfilm"in özəl studiya olduğunu deyə bilərlər. Amma mən bilirəm ki, orada bizim Mədəniyyət və Turizm Nazirliyinin də pulu var. Sonra "Nabat" filmi...

- Son vaxtlar dünya festivallarını gəzən film...

- Bilirsiz, festival gəzmək, filmi hansısa festivala göndərmək indiki vaxtda çətin iş deyil. Sovetlər dövründə festivallarda iştirak etmək çətin idi. O zaman kinofestivallarda "Mosfilm", "Lenfilm", hərdən də, "Dovjenko" kinostudiyasında istehsal olunan filmlər iştirak edirdi. Axı "Azərbaycanfilm"in istehsalı olan film hansısa beynəlxalq festivala gedə bilmirdi? Mən sizi inandırıram. Əgər indiki şərait o zaman olsaydı, mənim Rasim Ocaqovla çəkdiyim 4 film çoxdan ən yüksək mükafatları qazanmışdı.

"Nabat" filmini deyirdim. Rejissoru Elçin Musaoğludur. Televiziya rejissoru gəlib bədii film çəkib. Operator başda olmaqla, baş rolun ifaçısı da İrandan dəvət olunub. Adama deyərlər, Ay qardaş, niyə? Azərbaycanda operator, assistent, texniki heyət yoxdur, bəyəm? Mən "Nabat" filminə baxdım. O filmdə nə var ki, onu biz eləyə bilmirik? Elçin Musaoğlu filmin təqdimat mərasimində dedi: "Mən baş rola iranlı aktrisa çəkmək istəmirdim. Onu operator mənə təklif etdi. Dedi ki, bu aktrisanı çəkmək olar". İran ləhcəsi ilə danışan, maneken kimi birini niyə baş rola çəkirsən?

- Kənan müəllim, o filmlə bağlı keçirilən mətbuat konfransında rejissor Elçin Musaoğlu dedi ki, “Azərbaycanda bu rolu ifa edəcək aktrisa tapa bilmədim"...

- Niyə tapa bilməyib? Mən deyim o aktrisanın adını: YUĞ Teatrının aktrisası Sonaxanım Mikayılova. Əla aktrisadır. Həmin rolu yüksək peşəkarlıqla oynayardı. Axı İrandan gələn o ruhu duya bilməz?

Sonra Asif Rüstəmovun çəkdiyi "Axınla aşağı" filmi. Bu adam birinci filminə başlayır və operatoru Almaniyadan çağırır. Bilirsiniz, bu operatorlar gələndə özləri ilə çəkiliş qrupu gətirirlər. Belə olan halda bizim kinostudiyanin texniki heyət üzvləri işsiz qalır.

İlqar Safata ikinci filmi - "İçərişəhər" filmini verdilər. Bu dəfə Gürcüstandan yox, İtaliyadan operator dəvət etdi. Mən həmin filmə baxdım və o operator haqqında internetdən araşdırma etdim. Orta səviyyəli sənədli filmlər çəkən operatordur. Axı bu, nə iddiadır? O filmdə elə bil kadr yoxdur, mən də baxanda məhz bu kadra görə bu operatoru dəvət etməyə dəyərdi deyim. Filmin adı "İçərişəhər"dir. Amma İçərişəhərin ruhu filmdə yoxdur və orta səviyyəli operator işidir.

Sonra, İlqar Nəcəf. "Buta" filminin rejissoru. Mənim tələbəm olub. "Buta" filmində də operatoru Gürcüstandan dəvət ediblər.

- Nə əcəb, sizə təklif etməyib?

- Guya deyib ki, Kənan Məmmədov mənim müəllimim olub. Ona təklif etməyə ehtiyat elədim. Bu, boş söhbətdir.

İndi İlqar Nəcəf Asif Rüstəmovla birlikdə yeni filmə başlayır. Mən inanıram ki, yeni film çəksələr, operatoru Almaniyadan dəvət edəcəklər. Təsəvvür edirsiz də kinostudiyada nələr baş verir.

Sonra Kamran Şahmərdan var. Rejissor. O, uşaq olanda mən onu filmdə çəkmişəm. İndi Finlandiyada yaşayır. Yaxşı oğlandır.

- Hə, "Qara gölün cəngavərləri" filmini deyirsiz...

- Bəli. Tamamilə doğrudur. Kamran Şahmərdan yazıçı Elçinin əsəri əsasında "Qatil" filmini çəkib. Bu yaxınlarda təqdimatı oldu. Nədənsə bu film Gürcüstana gedib çıxıb. Filmin hər iki qəhrəmanı gürcü olub. Bütün yaradıcı heyət gürcülərdən ibarətdir. Mən yenə də filmin bədii tərəfini demirəm. Amma operator işi çox zəifdir. Necə çəkilişə başlayıb, sona qədər də elə davam edib. Axı kinooperator işində də başlanğıc var, orta var, kulminasiya var. Bütün səhnələr eyni cür çəkilə bilməz ki? Niyə belə olmalıdır?

Mən bu filmləri sadaladım. Məqsədim odur ki, hazırda "Azərbaycanfilm"də il ərzində iki-üç film çəkilirsə, o filmlərə başqa respublikalardan operator gətirməyin nə mənası var? Bizim operatorlar işsiz qalıb. Yaxud da kənardan dəvət edilən operatora çox pul verirlər, bizim operatora isə ondan iki dəfə az. Niyə? Bu ögeylik, ayrı-seçkilik nədən irəli gəlir? Gələnlər özlərilə bir dəstə adam gətirir, bunun yeməyi, qalmağı, yatmağı bizə üç dəfə artıq baha başa gəlir.

- Kənan müəllim, indi bunun səbəbi nədir? Siz bu məsələ ilə bağlı kiməsə müraciət etmisiz? Çarə nədir?

- İndi mən deyim. Bu məsələ nə Adil İsgəndərovun, nə Cəmil Əlibəyovun, nə də ondan sonra gələn müdirlərin vaxtında ola bilərdi. Məsələn, Rasim İsmayılovun çəkdiyi Həzi Aslanov haqqında olan filmə baxmısınız. Çox mükəmməl filmdir. O vaxt Rasim İsmayılov filmi çəkəndə döyüş səhnələrini bəhanə edib, Rusiyadan operator gətirə bilərdi. Amma Rasim İsmayılov bunu eləmədi. Rəhmətlik Valeri Kərimovu filmə götürdü və Belarusun meşələrində qışda, şaxtada tank döyüşləri səhnələrini ustalıqla, peşəkarlıqla çəkib meydana çıxartdı. Rəhmətlik Həsən Seyidbəyli "Nəsimi" filmini çəkəndə Rusiyadan operator gətirə bilməzdi? Arif Babayev "Uşaqlığın son gecəsi", "Gün keçdi" filmlərini çəkəndə başqa yerdən operator gətirə bilməzdi? Düzdür, sovet dövründə çəkilən filmlərimizin bir neçəsinin operatoru Rusiyadan dəvət olunub. Məsələn, "Dəli Kür" bədii filminin operatoru Rusiyadan dəvət edilmişdi. Amma bunun səbəbi başqa idi. Sovet dövründə "Azərbaycanfilm" kinostudiyasında 8-9 film çəkilirdi. Operator çatmırdı. Ona görə də bəzən məcburiyyət qarşısında qalan rejissorlar başqa yerdən operator dəvət edirdi.

Rasim Ocaqov "Qətldən yeddi gün sonra" filmini çəkəndə rusiyalı kinooperator Naxabseblə işləməli idi. Amma son anda məni bu filmə dəvət etdi. Bilirsiz, o insanlarda məsuliyyət hissi var idi. Ancaq indikilərdə yoxdur. Mənim özüm Rasim Ocaqova söz verdiyim üçün "Mosfilm"dən gələn təklifi geri çevirmişdim.

Azərbaycanda görkəmli kinorejissorlar var. Məsələn, Eldar Quliyev bu gün film çəksə və İtaliyadan operator dəvət etsə, ona sözüm yoxdur. O edə bilər. Çünki işi, sənəti ilə möhürünü vuran insandır. Sənətinin bu çağında kiminlə istəsə çalışa bilər. Amma dünən başlayan rejissor hələ heç bir uğura imza atmayıbsa və ilk filminə kənardan operator dəvət edirsə, bu anlaşılmazdır, qəbuledilməzdir. Asif Rüstəmov sən kimsən ki, başqa yerdən operator dəvət edirsən?

- Kənan müəllim, kinostudiyanın direktoru ilə bu barədə söhbətiniz olubmu?

- Müşfiq Hətəmovla dəfələrlə bu mövzuda söhbət etmişəm. Narahatlığımı, narazılığımı bildirmişəm. Amma hər dəfə böyük canfəşanlıqla deyir ki, mən bu rejissorlarla bacara bilmirəm. Bunlara söz deyə bilmirəm. Guya, rejissorlara şərait yaradılır və onlara azad şəkildə fəaliyyət göstərmələri üçün heç kim söz deyə bilmir.

- Doğrudan belədir?

- Xeyr, belə deyil. Nə vaxt ki, həmin rejissorlar özəl kinostudiyalarda film çəkərlər, onda başqa məsələ. Ürəkləri haradan istəyir operator, yaradıcı heyət dəvət etsinlər. Amma "Azərbaycanfilm"də çəkilən filmlər dövlət hesabına maliyyələşdirilir. Bu filmlərə görə dövlət bizə pul ayırır. Bu pulu ona görə ayırmır ki, Elçin Musaoğlu, Asif Rüstəmov və başqaları öz rejissor ambisiyalarını yerinə yetirsinlər. Bu pullar kinonun inkişafına ayrılır. Bu inkişafda kinooperatorların, aktyorların, rəssamların əməyi böyükdür. Biz Azərbaycanın kino sənətini inkişaf etdirməliyik. Almaniyanın, Gürcüstan kino sənətinin buna ehtiyacı yoxdur. Buna görə də mən özümə borc bildim ki, belə müsahibə verim. Bu fikirlərimi deyim.

Üzümü, Mədəniyyət və Turizm Nazirliyinə, nazirliyin nəzdində fəaliyyət göstərən kino şöbəsinə tuturam. Həmçinin hörmətli nazirimiz Əbülfəs Qarayevə müraciət etmək istəyirəm. Çox hörmətli nazirimizin diqqətinə bu məsələləri çatdırmağı özümə borc bilirəm. Xahiş edirəm ki, Əbülfəs Qarayev bunlara təsirli cavabını versin. Başqa cür mümkün deyil.

Bunlar müntəzəm olaraq Azərbaycan kinooperator məktəbini məhv edirlər. Halbuki Azərbaycan kinooperator məktəbi "Azərbaycanfilm" kinostudiyasında ən mükəmməl, ən güclü məktəb olub. Bizim hər bir operatorumuz Avropada ən gözəl filmlər çəkə bilərdi. Yüksək səviyyədə operatorlarımız var. Peşəkar operatorlarımızın qədir-qiyməti bilinmədiyindən, meydanda zəif seriallar "at oynadır". Serial çəkən operatorların sənətdən xəbəri yoxdur. Zənn edirlər ki, rəqəmsal videodur. İşığı ver tavana və ya divara, əks işıq ilə serialını çək. Onlar işıqdan dramaturji vasitə kimi istifadə edə bilmirlər. Kinolentdə sən bunu edə bilməzsən. Çünki kinolentdə kino çəkmək elmdir, bunun məktəbini oxumaq lazımdır.

Ülviyyə xanım, məni narahat edən bu dərdimi sizinlə bölmək istədim. Mənim fikrim kinoda inqilab eləmək, üsyan eləmək deyil. Mən 40 il başımı aşağı salıb, Azərbaycan kinooperatorlarının hamısından çox film çəkmişəm.

- Kənan müəllim, say etibarilə neçə filminiz var?

- Filmlərimin ümumi sayı 50-dən çoxdur. Bədii, sənədli, hətta cizgi filmi də çəkmişəm. 26 bədii filmim var. Hələ böhran olmasaydı, 30-dan çox film çəkərdim. Sonuncu filmim "Axırıncı dayanacaq" olub. Deyəsən, bu film mənim də axırıncı dayanacağım olacaq.

Mən 2013-cü ildən sonra film çəkməmişəm.

Mən müsahibəmin sonunda bəyan edirəm ki, Kənan Məmmədov öz adından danışmır. Şəxsən bəyan edirəm ki, daha "Azərbaycanfilm"də film çəkmək istəmirəm. Hansı rejissor gəlirsə-gəlsin, mənim daha film çəkmək niyyətim yoxdur.

Mən özümü demirəm. Amin Novruzov, Rafiq Quliyev, Rövşən Quliyev, Rafiq Əliyev, Nizami Abbas bunlar yaxşı operatorlardır. Amma onlara film vermirlər. Belə operatorlar qalıblar işsiz, amma rejissorlar Almaniyadan, Gürcüstandan operator gətirirlər.

Bir də son vaxtlar kinomuzda çox təhlükəli tendensiya yaranıb. Deyirlər ki, gəlin cavanlara yol verək, şərait yaradaq. Nə deyirəm ki, amma hansı cavanlara? Belə cavanlara? Olmaz ki, cavanlar bizim yanımızda təcrübə keçərək öyrənsinlər. Birdən-birə cavan operatorları götürüb, oda atmaq olmaz. Təcrübəni peşəkar operatorların yanında keçsələr, daha yaxşı, keyfiyyətli olar. Bir də ki, sənətdə cavan-yaşlı söhbəti ola bilməz! İki mühüm ölçü vahidi var: istedad ve peşəkarlıq!

Son xəbərlər

Orphus sistemi