İslamiada zamanı Azərbaycana gələcək qonaqlar üçün xüsusi mədəni proqramlar hazırlanıb

İslamiada zamanı Azərbaycana gələcək qonaqlar üçün xüsusi mədəni proqramlar hazırlanıb Həmin proqramlar təsdiqlənmək ərəfəsindədir
İncəsənət
18 Aprel , 2017 17:36
İslamiada zamanı Azərbaycana gələcək qonaqlar üçün xüsusi mədəni proqramlar hazırlanıb

Bakı. 18 aprel. REPORT.AZ/ "Mayın 12-dən 22-dək Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları zamanı Azərbaycana gələcək qonaqlara təqdim etmək üçün xüsusi mədəni proqramlar hazırlanıb. Həmin proqramlar təsdiqlənmək ərəfəsindədir".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

O bildirib ki, İslamiada zamanı bütün teatrlarda, konsert və sərgi salonlarında İslam mədəniyyəti və ənənələrinə həsr olunan proqramlar təqdim olunacaq: "Lakin bu o demək deyil ki, biz yalnız İslam dininə və mədəniyyətinə aid olan tamaşalar nümayiş etdirəcəyik. Azərbaycan xalqı dünyəvi proseslərin də iştirakçısıdır. Ona görə də biz bunu sintez etməyi düşünürük. Hesab edirik ki, bu da qonaqlarını marağını cəlb edəcək".

Nazir onu da qeyd edib ki, İslam oyunları və sonra keçiriləcək "Formula-1" yarışları zamanı mədəniyyət obyektlərinin işçilərinin iş cədvəlinin dəyişdiriləcəyi gözlənilir: "İslam Həmrəyliyi Oyunları zamanı turistlərin gəlməsi mədəniyyət obyektlərinin maliyyə durumuna da müsbət təsir göstərəcək".

Ə.Qarayev bildirib ki, İslamiadada iştirak edəcək idmançılar atletlər kəndində qalacaqlar: "Qonaqların Azərbaycanda otelləri doldurma ehtimalı çox yüksəkdir. Yerlə bağlı müəyyən çətinliklər olsa da, sözsüz ki, bu həll olunacaq. İnanıram ki, həm oyunlar, həm "Formula-1", həm də digər beynəlxalq əhəmiyyətli tədbirlər zamanı Azərbaycan otelləri lazımi, keyfiyyətli xidmətlər təklif etmək iqtidarındadırlar."

Son xəbərlər

Orphus sistemi