Yuxarı

Gənc Tamaşaçılar Teatrı I Avropa Oyunlarına hazırlığı başa çatdırıb

Teatr nümayiş etdiriləcək tamaşalarla bağlı açıqlama yayıb

Bakı. 9 iyun. REPORT.AZ/ Gənc Tamaşaçılar Teatrı I Avropa Oyunlarına hazırlığı başa çatdırıb. "Report" xəbər verir ki, teatrın mətbuat xidməti Oyunlar müddətində nümayiş etdiriləcək tamaşalarla bağlı açıqlama yayıb. 

Açıqlamada qeyd edilib ki, bütün dünyanın diqqət mərkəzində olan I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkənin onsuz da yüksək olan nüfuzunu daha da artıraraq siyasi, mədəni, ictimai və sosial əhəmiyyətli hadisə kimi tarixə düşəcək: "Bir çox innovativ idman növünü özündə birləşdirən ilk Avropa Oyunları Azərbaycanın mədəniyyət sahəsində də yaddaqalan olacaq.

49 ölkədən 6000-dən artıq idmançının qatılacağı bu beynəlxalq tədbirə dünyanın müxtəlif ölkələrindən turistlərin Azərbaycana axın edəcəyini nəzərə alaraq mədəniyyət müəssisəsi olaraq biz də hazırlıq işləri görürük. Belə ki, teatra təşrif buyuracaq turistlərin tamaşalara daha rahat şəkildə baxmaları üçün cari repertuarımızda olan tamaşaların ingilis dilinə tərcümə olunub səhnədəki qurğu ilə titrlər vasitəsilə ötürülməsi təmin ediləcək. Artıq teatrın cari ilin iyun ayı üçün nəzərdə tutulan repertuarı tərtib edilib. Repertuarda Azərbaycan və dünya klassiklərinin, eləcə də müasir yazarların əsərləri yer alıb. Oyunlarda çıxış edəcək və eyni zamanda, tamaşaçı qismində iştirak edəcək qonaqlar üçün teatr-tamaşa müəssisələrinin, sərgi salonlarının, kinoteatrların iyun ayı üçün təsdiq edilmiş repertuarı ingilis və rus dillərində tərcümə olunaraq otellərdə və digər ictimai yerlərdə qonaqlara bağışlanmaq üçün hazırlanıb".

Teatrdan bildirilib ki, qonaqlara dünya dramaturgiyasının ən məşhur nümunələri ilə bərabər, Azərbaycan milli dramaturgiyasından da ən gözəl nümunələri – M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah”, Ə.Haqverdiyevin “Pəri Cadu”, H.Cavidin “Şeyx Sənan” kimi sanballı səhnə əsərləri də təqdim ediləcək: "I Avropa Oyunları günlərində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı bütün yaradıcı və texniki qüvvəsini səfərbər edərək teatr mədəniyyətimizi layiqincə təmsil etmək üçün son hazırlıq işlərini başa çatdırıb".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi