Yuxarı
    Bağlamaq

    Fidan və Xuraman Qasımova bacılarının konserti anşlaqla keçib

    Dövlət Filarmoniyasında “Sizinlə bu axşam Fidan və Xuraman” adlı geniş konsert proqramı baş tutub

    Bakı. 22 noyabr. REPORT.AZ/ Noyabrın 21-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında dünya şöhrətli opera müğənniləri, Azərbaycanın Xalq artistləri, Dövlət mükafatları laureatları Fidan və Xuraman Qasımova bacıları “Sizinlə bu axşam Fidan və Xuraman” adlı geniş konsert proqramı ilə çıxış ediblər.

    "Report" xəbər verir ki, anşlaqla keçən konserti dirijor, Xalq Artisti Teymur Göyçayevin bədii rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri müşayiət edib.

    Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək Fidan və Xuraman Qasımova bacılarının Azərbaycan musiqi mədəniyyətinin və vokal ifaçılıq sənətinin formalaşmasındakı xidmətlərindən söz açıb. Qeyd olunub ki, onlar müxtəlif ölkələrdə keçirilən beynəlxalq müsabiqələrdə Azərbaycanın adını hər zaman öz sənətləri ilə ucalara qaldırıblar. Milli vokal ifaçılıq məktəbinin ənənələrini ləyaqətlə qoruyub yaşadan Fidan və Xuraman bacıları dünya miqyasında tanınan və qəbul olunan sənətkarlardandır. Eyni zamanda, sənətkarların özünəməxsus ifa üslubları ilə milli musiqi sənətimizin zənginləşməsindəki xidmətlərindən bəhs edən nazir müavini onların yüksək mükafatlara və fəxri adlara layiq görülməsini Azərbaycan dövlətinin mədəniyyətə və sənətə verdiyi yüksək qiymət kimi dəyərləndirib.

    Daha sonra Fidan və Xuraman bacıları qonaqları salamlayaraq belə bir gündə onlara dəstək olduqları üçün minnətdarlıqlarını bildiriblər.

    Tədbir maraqlı konsert proqramı ilə davam edib. Biri-birindən maraqlı ifalarla səhnəni bölüşən Xalq artistləri böyük tamaşaçı auditoriyası tərəfindən hərarətlə qarşılanıb. Konsertdə xalq və bəstəkar mahnıları ilə yanaşı, dünya vokal sənətinin incilərindən olan bir sıra kompozisiyalar səsləndirilib.

    Həmçinin konsertdə Xalq Artisti Alim Qasımov, tanınmış caz ifaçısı Emil Əfrasiyab müxtəlif ifalarla çıxış ediblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi