Yuxarı

Alim Qasımov "Jarocin 2015" Musiqi Festivalından vətənə qayıdıb

Alim Qasımov və Fərqanə Qasımovanın çıxışı yüksək səviyyədə keçib

Bakı. 20 iyul. REPORT.AZ/ Xalq artisti Alim Qasımov və sənətkarın qızı, əməkdar artist Fərqanə Qasımova Polşada keçirilən "Jarocin 2015" festivalından qayıdıb.

"Report" xəbər verir ki, iyulun 18-də "Jarocin 2015" mahnı festivalında Alim Qasımov və Fərqanə Qasımovanın məşhur "VOVO" qrupu ilə birgə konsert proqramı olub.

Konsert proqramının möhtəşəm keçdiyini deyən sənətkarın mətbuat katibi Səadət Möhübbətova Alim Qasımovun dünən gecə vətənə döndüyünü bildirib.

"Alim müəllim və Fərqanə xanım dünən gecə vətənə qayıdıblar. Bu gün onları narahat etmək istəmirik. Bir gün dincəlsinlər. Konsert barədə ilkin təəssürat çox əladır. Konsert festival çərçivəsində keçirilsə də, möhtəşəm olub. "VOVO" qrupu ilə çıxış festival iştirakçılarının və qonaqların çox xoşuna gəlib".

Qeyd edək ki, Alim Qasımov qızı Fərqanə xanımla məşhur "VOVO" qrupunun iki mahnısını duet şəklində ifa edib. Hər iki mahnı qrupun son diskində yer alıb. Bu səbəbdən "VOVO" qrupunun solistləri "Jarocin 2015" festivalı çərçivəsində Alim Qasımovla bu mahnıları canlı ifa etmək istəyib. Konsertdə Alim Qasımovu polşalı qrup müşayiət edib.

Xatırladaq ki, A.Qasımovun növbəti xarici səfəri avqustun sonunda Malayziyaya olacaq.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi