Yuxarı
    Bağlamaq

    Bakıda Azərbaycan və İsrail ​arasında İKT sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

    Hər iki ölkə münasibətlərin daha da gücləndirilməsi sahəsində səylərini artırmaq niyyətindədir

    Bakı. 1 oktyabr. REPORT.AZ/ Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov İsrailin ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dan Stav ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən "Report"a daxil olan xəbərə görə, görüşdə Ə.Abbasov uğurla və dinamik inkişaf edən Azərbaycan-İsrail əlaqələrinin bir çox sahələri, o cümlədən rabitə və yüksək texnologiyalar sahəsini əhatə etdiyini vurğulayaraq, ölkədə bu istiqamətdə həyata keçirilən islahatlar və layihələrdən söz açıb.

    İsrail şirkətlərinin Azərbaycan bazarında fəal iştirakına da toxunan nazir münasibətlərin hərtərəfli inkişafında yeni əməkdaşlıq istiqamətlərinin vacib rolunu qeyd edib, sahə üzrə gələcək, perspektiv planlardan danışıb.

    Ə.Abbasov yeni səfirin diplomatik fəaliyyəti dövründə tərəfdaşlıq əlaqələrinin inkişafına, o cümlədən İKT və yüksək texnologiyalar sahəsində Azərbaycan ilə İsrail arasında münasibətlərin daha da gücləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyinə əminliyini də bildirib.

    Azərbaycanda İKT və yüksək texnologiyalar sahəsinin inkişaf səviyyəsini yüksək dəyərləndirən D.Stav İsrail şirkətlərinin yerli bazarda iştirakının artırılmasına, o cümlədən investisiya qoyuluşunun həyata keçirilməsinə göstərdikləri maraqdan söz açıb. Qarşılıqlı rəsmi səfərlərin və keçirilən görüşlərin əməkdaşlığın inkişafına yeni təkan verdiyini də qeyd edən diplomat bu baxımdan "BakuTel" beynəlxalq sərgi-konfransının əsaslı rol oynadığını bildirib.

    Səfir "BakuTel-2015"-də də İsrail şirkətlərinin "İsrail Milli Pavilyonu" adı altında təmsil olunması, eyni zamanda, sərgi çərçivəsində keçiriləcək "Azərbaycan-İsrail yüksək texnologiyalar forumunun uğurlu təşkili üçün lazımi dəstəyin göstərilməsində səylərini artıracağını deyib. 

    Daha sonra görüşdə rabitə və yüksək texnologiyalar sahəsinin müxtəlif istiqamətləri üzrə əməkdaşlığın perspektivləri haqda fikir mübadiləsi aparılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi