Avtomobillərin təhlükəsizliyi üçün yeni cihaz təqdim edilib

Avtomobillərin təhlükəsizliyi üçün yeni cihaz təqdim edilib “Avtomaks” cihazı şirkətin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində yaradılıb
İKT
27 Yanvar , 2016 18:31
Avtomobillərin təhlükəsizliyi üçün yeni cihaz təqdim edilib

Bakı. 27 yanvar. REPORT.AZ/ Bu gün “Azercell Telecom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində fəaliyyət göstərən “Sumaks” şirkətinin hazırladığı “Avtomaks” cihazının təqdimatı keçirilib.

“Report”un şirkətə istinadən verdiyi xəbərə görə, tədbirdə çıxış edən “Azercell”in Strateji tərəfdaşlıq və müştəri kanalları Departamentinin direktoru İmran Bağırov qeyd edib ki, "ağıllı telefon"lar, Cihazdan Cihaza (M2M) və sürətli internet texnologiyalarının inkişafı insanların həyatının standartlarını dəyişib və bu proses daha da sürətli şəkildə irəli gedir: “Bu cihazlar insanların bir-biri ilə əlaqəsini təmin edən cihazdan daha çox insanın gündəlik köməkçisinə çevrilib. Bir çox sahələrdə istifadə olunan smartfonlar həm də “Əşyaların internetində” (IoT) - “Ağıllı ev” konsepsiyasında əsas vasitələrdən biridir. “Azercell” hələ 2013-cü ildə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin yetirməsi olaraq "Sumaks" şirkətinin “Ağıllı ev” layihəsini təqdim edib. İndi isə şirkət bu konsepsiyanın davamı olaraq hazırlanan “Avtomaks” cihazını təqdim etməkdən qürur duyur”.

Tədbirdə “Avtomaks” cihazı haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, Azərbaycanda bir ilk olan bu qurğunun əsas məqsədi avtomobilin təhlükəsizliyini təmin etmək və ona nəzarəti həyata keçirməkdən ibarətdir. “Avtomaks” qurğusu avtomobil və sürücu haqqında əsas məlumatları yaddaşda saxlayır. Bura maşının markası, buraxılış ili, texniki vəziyyəti, o cümlədən, sürücünün şəxsiyyəti haqqında zəruri bilgilər daxildir.

Eyni zamanda, “Avtomaks” maşınla əlaqədar bir sıra informasiyaları mütəmadi olaraq sahibinə ötürür. Bu zaman bütün sutka boyunca avtomobilin dayanma anını, getdiyi məsafəni, olduğu yerləri izləmək mümkündür. Proqram maşının sığortasının vaxtı bitdikdə, yağının dəyişmə zamanı çatdıqda müvafiq xəbərdarlıq edir.

Təqdimat mərasimində çıxış edən “Sumaks” şirkətinin direktoru Cavid Məmmədov bildirib ki, yeni layihə Azərbaycan bazarında böyük rəqabət potensialına malikdir: “Çünki “Avtomaks” tam yerli məhsuldur və buna görə də qiyməti xaricdən gətirilən oxşar cihazlardan kifayət qədər fərqlənir. Bundan əlavə, bu cihaz daha çox funksiyaya malikdir”.

Son xəbərlər

Orphus sistemi