Yuxarı

​Azərbaycan beynəlxalq layihənin işçi qrupunun həmsədri seçilib

Cənubi Koreyada Asiya-Sakit okean İnformasiya Magistralı üzrə İşçi Qrupunun ilk toplantısı keçirilib

Bakı. 8 sentyabr. REPORT.AZ/ Cənubi Koreyanın İnçheon şəhərində BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (UN ESCAP) və Koreya Respublikası Elm, İKT və Gələcək Planlaşdırma Nazirliyi ilə birgə Asiya-Sakit okean İnformasiya Magistralı üzrə İşçi Qrupunun ilk toplantısı keçirilib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "Report"a daxil olan xəbərə görə, Azərbaycanı bu toplantıda Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsinin Katibliyinin rəhbəri Zaur Həsənov təmsil edib.

Z.Həsənov bildirib ki, iclasda Asiya-Sakit okean İnformasiya Magistralının regiona verə biləcəyi töhfə əsas müzakirə mövzusu olub. Onun sözlərinə görə, məlumatların vaxtı-vaxtında çatdırılması, fövqəladə hallar zamanı kritik məqamlar üçün infrastrukturun yaradılması məsələsi də əsas müzakirə mövzusu olub: "Çünki həmin ərazilər seysmik zona hesab olunur. Təbiət hadisələri baş verdikdə insanlar arasında davamlı rabitənin mövcud olması, əlaqələrdə, birləşmələrdə qırılmaların baş verməməsi xüsusi əhəmiyyət daşıyan məsələlərdəndir. Ona görə də bu mövzu gündəliyə daxil edilib".

Bundan başqa, Asiya-Sakit okean İnformasiya Magistralının regionda iqtisadi inkişaf üçün yaratdığı imkanlardan söz açıldığını qeyd edən Z.Həsənovun sözlərinə görə, iclasda sözügedən layihənin mobil internetin inkişafı, e-ticarətin həcminin artması, yeni proqramların, tətbiqlərinin yaradılması üçün əlverişli mühitin formalaşdırılması kimi məsələlər müzakirə olunub. Z.Həsənov İşçi Qrupunun idarə edilməsi üçün rəhbər seçkiləri də keçirildiyini deyib.

TASİM Katibliyinin rəhbəri qeyd edib ki, seçkilər nəticəsində İşçi Qrupun idarəçiliyinə 4 ölkə seçilib. "Azərbaycan, Çin, Cənubi Koreya və Pakistan İşçi qrupuna rəhbərlik edəcək. Burada əsas rəhbər statusunda (sədr) Pakistan çıxış edəcək. Digər üç ölkə həmsədr statusuna malikdir. Bu rəhbərlik müəyyən zaman çərçivəsində həyata keçirilir. Vaxtı çatanda Azərbaycan da əsas rəhbər olacaq. Bu seçkilərdə ölkəmizin də təşkilatın İşçi Qrupuna rəhbər seçilməsi böyük nailiyyətdir. Təsəvvür edək ki, Çin və Cənubi Koreya kimi İKT nəhəngləri olan ölkələrin sırasında Azərbaycanın da adı var", - deyə Z.Həsənov bildirib.

İşçi Qrupuna rəhbər seçilməyimizin əhəmiyyətindən danışan Z.Həsənov bunun Azərbaycan üçün vacibliyinin səbəblərini sadalayıb: "Birincisi, TASİM-in aktuallığını beynəlxalq aləmin diqqətinə bir daha çatdırdıq və bundan sonra onu gündəmdə saxlamaq şanslarımız daha da artıb. Onlar da bizə beynəlxalq katiblik kimi etimad göstərdilər ki, TASİM-in heyəti Avrasiya regionunda müəyyən məlumatların mübadiləsində, ekspert rəyinin formalaşdırılmasında, 3-5 illik inkişaf proqnozunun verilməsində iştirak edə bilər. Yəni, TASİM-in potensialı çatır ki, belə bir mürəkkəb məsələdə öz töhfəsini versin. Avropa ilə Asiyanın birləşdirilməsində TASİM-in nə qədər vacib rol oynadığı bir daha qeyd edilib. BMT-nin ESCAP Komissiyası bu vaxta qədər keçirilən bütün iclaslarında, son iki ildə qəbul etdiyi qətnamələrin hamısında birmənalı olaraq TASİM Avropa ilə Asiya arasında ən etibarlı yol olduğu göstərilib. Avropalıların ən çox etimad göstərdiyi yol məhz TASİM-dir. Qətnamələrdə qeyd edilib ki, TASİM, Dünya Bankı və ESCAP birləşərək rəqəmli fərqin, bu istiqamətdə ölkələr arasında olan səddin aradan qaldırılması üçün birgə səylər göstərməlidir. Bu, gələcəkdə TASİM-in daha geniş arealda tanınması üçün müsbət haldır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi