"Düşməndən qənimət götürdüyümüz tankın üzərinə Azərbaycanın Milli Qəhrəmanı, məşhur tankçımız Albert Aqarunovun adını yazıb Şuşa döyüşlərinə girdik. Orada erməni dilində "Şuşi" yazılan lövhəni vurub aşırdıq".
Bunu "Report"a açıqlamasında Azərbaycan Ordusunun mayoru, İkinci Qarabağ müharibəsi iştirakçısı Məzahir Mahmudov deyib.
O bildirib ki, döyüşlər başlayanda Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında müalicə alırmış: "Xəbərlərdən eşitdim ki, artıq müharibə başlayıb. Tank taborunun komandiri olmuşam. Sentyabrın 28-i özüm könüllü ərizə yazdım, səhhətimin qənaətbəxş olduğunu deyərək döyüşlərə qatılmaq istədim. Cəbrayıl istiqamətindən əməliyyatlara qoşuldum. Döyüşlərin ilk günündə bölük komandirimiz baş leytenant Əlimərdan Quluzadə şəhid oldu və bundan 2 dəqiqə sonra digər hərbi qulluqçumuz Ramiq Ağayev ağır yaralanaraq hospitala aparıldı. O, 19 gün sonra şəhidlik zirvəsinə ucaldı".
M.Mahmudov söyləyib ki, ermənilərin diversiya qrupu Cəbrayılda Azərbaycan Ordusunun bölməsini pusquya salmaq istəyirdi: "Lakin Xüsusi Təyinatlı Qüvvələrimiz onların qarşısına çıxaraq məhv etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayıl şəhərinin azad olunmasını elan edəndən sonra düşmən mövqelərimizə yenidən əks-hücum etdi. Ermənilər çalışırdılar ki, bu xəbəri yalanlasınlar. Məsuliyyətimizi dərk edərək Azərbaycanın Milli Qəhrəmanı, şəhid Şükür Həmidovla birgə bizdən sayca üstün olan erməni tankçılarını darmadağın etdik. Onlar bir neçə tankını saz vəziyyətdə döyüş meydanında qoyaraq qaçdılar. Həmin vaxt düşmənin 4 tankını məhv etdik, 8 texnikasını isə qənimət olaraq ələ keçirdik. Onların diversiya qrupu arxa istiqamətdən gəlib bizi pusquya salaraq məhv etmək istəyirdi. Xüsusi Təyinatlı Qüvvələrin burada rolunu xüsusi qeyd etmək istəyirəm. Bizim xüsusi təyinatlılarımız onların diversiya qrupunun qarşısını alaraq geri oturtdu. İki tankçımız - gizir Səbuhi Səmədov və gizir Cavid Sahratov həmin döyüşlərdə şəhid oldu. Daha sonra mənim bölməm Şuşa istiqamətinə, digər bir bölməmiz isə Zəngilan və Xocavənd istiqamətlərinə yollandı".
"Ailəliyəm, iki övladım var. Döyüşlərdə ailəmlə ümumiyyətlə, danışa bilmirdim. Cəbrayıl döyüşlərinə girəndə ailəmə şəhid olduğumu demişdilər. Təbii ki, bu xəbərdən sonra onların vəziyyətini sözlə ifadə etmək mümkün deyil. Sonradan onlara xəbər çatıb ki, sağ-salamatam. Bir məsələni də vurğulayım ki, bizim tank heyəti beynəlxalq tank yarışlarında iştirak edən və mükafatlara layiq görülən heyət idi", - Vətən müharibəsinin iştirakçısı vurğulayıb.
Qeyd edək ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə M.Mahmudov "Cəbrayılın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Şücaətə görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilib.