"Vətən müharibəsinin iştirakçısı olmuş bir Azərbaycan zabiti, Şuşa uğrunda döyüşmüş bir Azərbaycan hərbçisi olaraq bu gün Zati-Alilərinizin qarşısında dayanmaqdan, Azərbaycan tarixinin ən böyük sərkərdəsi qarşısında çıxış etməkdən qürur duyur, bu şərəfə layiq görüldüyümə görə özümü çox xoşbəxt hiss edirəm".
"Report" xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin mayoru, Vətən Müharibəsi Qəhrəmanı Elvin Səfərov Zəfər Günü münasibəti ilə Şuşada Prezident İlham Əliyevin iştirakı ilə keçirilən tədbirdə çıxışı zamanı deyib.
"Cənab Ali Baş Komadan, 44 günlük savaş, düşmənin döyüş meydanında diz çökdürülməsi, məğlubiyyətini dərk edərək aman diləməsi xalqımızın yenilməzliyinin, Silahlı Qüvvələrimizin qüdrətinin, şanlı qalibiyyətimizin təntənəsi oldu. Hər birimizi döyüşə və qələbəyə ruhlandıran dəmir iradəniz, sarsılmaz qətiyyətiniz, diplomatiya sahəsində və informasiya müharibəsində nümayiş etdirdiyiniz məharətiniz, xalqımızın bir yumruq kimi ətrafınızda birləşməsi, Silahlı Qüvvələrimizin rəşadəti və qəhrəmanlığı ərazi bütövlüyümüzün bərpa olunmasını və düşmənin əzəli torpaqlarımızdan əbədi olaraq qovulmasını təmin etdi.
Qırx dörd günlük Vətən müharibəsində qarşımızda qoyduğunuz bütün döyüş tapşırıqlarını Azərbaycan sərhədçiləri uğurla icra etmişdir. Sərhədçilər müharibənin ilk günlərində təmas xəttindən başlayaraq Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Hadrut qəsəbəsi və Şuşa şəhəri uğrunda gedən qızğın döyüşlərdə igidlik və rəşadət nümunələri göstərmiş, Ermənistanla dövlət sərhədinədək böyük bir ərazini düşmən tapdağından azad etmiş, 24 saat ərzində 105 kilometrlik məsafədə ildırım sürətli hücumla düşmənə sarsıdıcı zərbələr endirmiş, onun yüzlərlə canlı qüvvəsini məhv etmişdir.
Ötən il oktyabrın 18-də Xudafərin körpüsündə Azərbaycan bayrağının ucaldılması və bir sıra yaşayış məntəqələrimizin azad edilməsi münasibətilə Azərbaycan sərhədçilərinə ünvanladığınız təbrik sözləri şəxsi heyətimizi daha böyük qələbələrə ruhlandırmış, qısa müddət ərzində Zəngilan şəhəri, Zəngilanın Ağbənd qəsəbəsi azad edilmiş, bununla da Azərbaycan-İran dövlət sərhədi tam nəzarət altına götürülmüşdür.
Dövlət Sərhəd Xidmətinin gözlənilməz döyüş tətbiqi Silahlı Qüvvələrimizin Qarabağ səmasında hakim olmasına öz mühüm töhfəsini vermiş, düşmənin hava hücumundan müdafiə sistemləri, o cümlədən səkkiz ədəd “S-300” raket kompleksi, beş ədəd “Elbrus” raketi, radioelektron mübarizə vasitələri və digər strateji hədəfləri, tankları, artilleriya qurğuları, döyüş texnikası, çoxsaylı canlı qüvvəsi, ümumilikdə 290 hədəfi darmadağın edilmişdir. Şuşa uğrunda döyüşlərdə mürəkkəb hava şəraitində düşmənin raket sistemləri və silah-sursat anbarları dəqiq atəşlə məhv edilmişdir.
Möhtərəm cənab Prezident.
Bu gün işğaldan azad olunmuş ərazilərimizdə üçrəngli Zəfər bayrağımız altında xidmət aparmaq şərəfinin daşıyıcısı olan Azərbaycan sərhədçiləri dövlət sərhədlərimizin toxunulmazlığını yüksək səviyyədə təmin edir. Hazırda İran İslam Respublikası ilə dövlət sərhədinin işğaldan azad edilmiş sahəsində sərhəd mühafizə infrastrukturunun bərpası, Ermənistanla dövlət sərhədində infrastrukturun formalaşdırılması üçün ciddi tədbirlər görülür. Son bir il ərzində bu ərazidə yüzdən çox sərhəd döyüş məntəqəsinin, 19 hərbi hissə kompleksinin xidməti-döyüş fəaliyyətinə başlanılmasına nail olunmuşdur. 2021-ci il oktyabr ayı ərzində Cəbrayıl, Zəngilan, Qubadlı rayonları ərazisində Dövlət Sərhəd Xidmətinin üç yeni hərbi hissə kompleksinə gəlişiniz, bölmələrimizin döyüş qabiliyyəti, silah-sursat və texnikası, şəxsi heyətin xidməti və yaşayış şəraiti ilə tanış olmağınız, verdiyiniz əmr və tapşırıqlar bizə olan inam və etimadınızın ifadəsi kimi hər birimizi şərəfləndirmişdir.
Cənab Ali Baş Komandan, Azərbaycan sərhədçiləri adından, bütün silahdaşlarım və döyüş yoldaşlarım adından bu gün Sizi əmin edirəm ki, Prezidentimizə, Vətənimizə və dövlətimizə hər zaman sadiq olacaq, dövlətimizin müdafiəsi uğrunda qanımızı və canımızı əsirgəməyəcək, dövlət sərhədlərimizdə milli maraqlarımızı bundan sonra da şərəflə qoruyacağıq.
Yaşasın Azərbaycan! Yaşasın cənab Ali Baş Komandan! Qarabağ Azərbaycandır!", - mayor vurğulayıb.