Ukraynanın Xerson cəbhəsindən FOTOREPORTAJ 

Ukraynanın Xerson cəbhəsindən FOTOREPORTAJ  Rusiya ordusu tərəfindən ötən ilin mart ayında zəbt edilən Ukraynanın Xerson şəhəri və vilayətin bir neçə kəndi noyabrın sonunda azad edildi. Hazırda Xerson vilayətində cəbhə xətti Dnepr çayı üzərindən keçir, azad edilmiş ərazilər mütəmadi olaraq atəşə mə
Hərbi
14 Mart , 2023 11:16
Ukraynanın Xerson cəbhəsindən FOTOREPORTAJ 

Rusiya ordusu tərəfindən ötən ilin mart ayında zəbt edilən Ukraynanın Xerson şəhəri və vilayətin bir neçə kəndi noyabrın sonunda azad edildi. Hazırda Xerson vilayətində cəbhə xətti Dnepr çayı üzərindən keçir, azad edilmiş ərazilər mütəmadi olaraq atəşə məruz qalır.

"Report"un Şərqi Avropa bürosu vilayətdən reportaj hazırlayıb.

Xerson sakini Svetlana Xristenko "Report"a bildirib ki, hazırda atəş altında yaşayırlar:

"Mən düşmənin müşahidə edə bildiyi ərazidə yaşayıram... Sülh, tez bir zamanda əldə ediləcək qələbə, qurbanların olmamasını, düşmənlərin cəzalandırılmasını arzulayıram. Elə indi rusiyalı hərbçilərin dayandığı çayın sol sahilindən bizim istiqamət atəşə tutuldu. Bura hər gün atəşə tutulur. Rusiyalı snayperlər də çayın sol sahilindəki bağ evlərindədir. Qəsəbə ilə körpü arasındakı ərazidə çox sayda mülki insan öldürülüb".

Xerson sakini, Dneprin düz sahilində yaşayan İrina Hoyka isə bildirir ki, Rusiya hərbçiləri cəmi 400-500 metr məsafədə yerləşiblər:

"Biz ötən il noyabrda işğaldan azad edilmişik. Amma sol sahilə çəkilən rusiyalılar bizə imkan vermirlər, hər gün atəşə tuturlar. Bu gün düz 14 dəfə atəşə tutdular. Minaatanlardan daha çox atırlar. Biz bütün bu vaxtı zirzəmidə oturduq. Sakitləşəndən sonra çıxdıq ki, bizim həyəti, qonşunun evini dağıdıblar. Xoşbəxtlikdən yaralananlar və ölənlər olmadı. Bu duruma görə burada cəmi 2-3 evdə sakinlər qalıb, qalanları gediblər. Çünki, burada yaşamaq dəhşətlidir. Biz gedə bilmirik, itlərimiz, digər qapı heyvanlarımız var burada", - deyə, o əlavə edib.

Şəhərdən kənarlaşıb cəbhə xəttində paralel yerləşən azad edilmiş kəndlər istiqamətinə yola düşürük. Yol boyu Rusiya ordusunun qoyub çəkildiyi müxtəlif səyyar qərargahlar rastımıza çıxır. Burada Ukrayna Silahlı Qüvvələrinin aerokəşfiyyat hissəsinin əməliyyatına şahidlik etmək fürsəti əldə edirik. Bu, 500 metrdən bir kilometrə qədər məsafədə yerləşən Rusiya ordusuna məxsus artilleriya qurğuları və birliklərinin aşkara çıxarılaraq məhv edilməsi əməliyyatıdır. Ukraynalı hərbçilərdən biri bildirir ki, düşmənin bir neçə artilleriya atəş nöqtəsini aşkarlayıblar:

"İndi bizim artilleriya hazırlaşır ki, onları məhv etsin. Buna qədər də bu xətt üzrə onların bir neçə artilleriya qurğularını aşkarlayıb məhv etmişik. Fəaliyyətimiz çox aktivdir. Düşmənin həssas nöqtəsini aşkarlayırıq, məhv edirik", - deyə, o əlavə edib.

Son xəbərlər

Orphus sistemi