"Azərbaycan Ordusu daim əməliyyat rejimində fəaliyyət göstərir".
"Report" xəbər verir ki, bunu ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.
O bildirib ki, Azərbaycan Ordusu ildə bir neçə dəfə irimiqyaslı təlimlər keçirir və bu gün qarşısına qoyduğu bütün vəzifələri yerinə yetirir:
"Bizim ordumuz işlək qurumdur. Bu gün Azərbaycan Ordusunun vəzifəsi, fəaliyyəti döyüş hazırlığı ilə bağlıdır. Nəzərdə tutulmuş döyüş hazırlığının bütün mərhələləri keçirilir. Bu, döyüş əməliyyatı deyil, ancaq hər bir halda təlim döyüşə bərabərdir.
Təlim iştirakçıları döyüş planına uyğun olaraq, bütün fəaliyyətləri icra edirlər. Bu, sadəcə bir ssenari - təlimin mövzusu üzrə yerinə yetirilir. Bütün bu təlimlər də gələcəkdə Azərbaycan torpaqlarında ola biləcək antiterror əməliyyatının bütün istiqamətlərdə aparılması planı üzrə qurulur. Bizim orduda bütün təlimlər ilk növbədə bu məsələ ilə bağlıdır. Döyüşəhazırlıq fəaliyyətimiz də hər an verilən tapşırığın yerinə yetirilməsinə istiqamətlənib".
Ehtiyatda olan polkovnik Azərbaycan Ordusunun təminatını, peşəkar zabit heyətini yüksək qiymətləndirərək onların alacağı bütün tapşırıqları hər an yerinə yetirməyə qadir olduqlarını deyib: "Düşünürəm ki, bu gün bizim yetərincə peşəkar heyətimiz, komandirlərimiz var.
İrimiqyaslı təlimləri hazırlamaq, onu idarə etmək, yerinə yetirmək ilk növbədə sərkərdəlik tələb edir. Ona görə də hər keçirdiyimiz təlimlər uğurla icra olunur, qarşıya qoyulan məqsədlərə çatırıq. Eyni zamanda Azərbaycan Ordusunun nümayəndələri beynəlxalq yarışlarda da iştirak edərək yüksək nəticələr əldə edirlər. Təbii ki, bunlar göstərici olsa da, real göstərici döyüşlərdir. Düşünürəm ki, biz real döyüşlərə də hazırıq".