Azərbaycan və Gürcüstan Müdafiə nazirlikləri arasında 2023-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb.
Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.
Belə ki, Gürcüstanda rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov noyabrın 14-də bu ölkənin müdafiə naziri Cuanşer Burçuladze ilə görüşüb.
Gürcüstan Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi təşkil edilib. Protokola uyğun olaraq müdafiə nazirləri Fəxri Qarovulun önündən keçib, hərbi orkestrin müşayiəti ilə hər iki ölkənin dövlət himnləri səsləndirilib. Tərəflər regional təhlükəsizlik, hərbi əməkdaşlığın inkişaf perspektivləri, birgə hərbi təlimlərin keçirilməsi və işçi görüşlərin təşkili barədə ətraflı fikir mübadiləsi aparıblar.
Görüşdə həmçinin hərbi, hərbi texniki, hərbi təhsil, hərbi tibb sahələrində əməkdaşlığın daha da genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Yekunda hər iki ölkənin Müdafiə nazirlikləri arasında 2023-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb.