"Rusiya Müdafiə nazirliyinin 26 və 27 mart tarixli açıqlamalarında “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi Azərbaycan Respublikasının beynəlxalq birlik, o cümlədən Rusiya Federasiyası tərəfindən tanınmış və qəbul edilmiş ərazi bütövlüyünə qarşı hörmətsizlikdir".
Bu barədə "Report"a Müdafiə Nazirliyindən bildirilib.
"Rusiya Federasiyası Müdafiə Nazirliyinə xatırlatmaq istərdik ki, 2022-ci il 22 fevral tarixində iki ölkə prezidentləri tərəfindən imzalanmış Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin birinci bəndində qeyd olunur ki, “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar”.
Bundan əlavə, bəyannamənin 18-ci bəndinə əsasən, Rusiya Federasiyası və Azərbaycan Respublikası beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər.
Rusiya Federasiyası Müdafiə Nazirliyi bu açıqlaması ilə eyni zamanda Rusiya Federasiyasının Prezidenti, Rusiya Silahlı Qüvvələrinin Ali baş komandanı Vladimir Vladimiroviç Putin tərəfindən də imzalanmış sözügedən bəyannaməyə də hörmətsizlik nümayiş etdirir", - nazirlikdən qeyd edilib.