Dövlət Sərhəd Xidmətinin zabiti Elməddin Nəsibov dəfn olunub.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, mərasimdə şəhidin yaxınları, hərbçi yoldaşları, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak ediblər.
Şəhid Tovuz şəhər qəbiristanlığında torpağa tapşırılıb.
Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində yol qəzası zamanı şəhid olan baş leytenant Nəsibov Elməddin Süleyman oğlunun nəşi Tovuz rayonuna gətirilərək ailəsinə təhvil verilib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hazırda ailəsinin yaşadığı Tovuz şəhəri, Mirzə Ələkbər Sabir küçəsində yerləşən evdə onunla vida mərasimi keçirilir.
Mərasimdə şəhidin yaxınları ilə yanaşı, ictimaiyyət nümayəndələri və rayon sakinləri də iştirak edirlər.
Şəhid vida mərasimindən sonra Tovuz şəhər qəbiristanlığında dəfn ediləcək.
Qeyd edək ki, E.Nəsibov 1989-cu ildə Tovuz rayonunda anadan olub. O, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, Qubadlı və Cəbrayılın azad olunmasına görə medalları ilə təltif olunub. Ailəli idi, övladı yoxdur.
Xatırladaq ki, iyun ayının 16-da saat 16:40 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində yol qəzası baş verib. Sərhəd-döyüş məntəqələrindən hərbi hissəyə geri qayıdarkən Laçın rayonunun Cicimli kəndi yaxınlığında “MAZ” markalı yük avtomobili idarəetmənin itirilməsi səbəbindən yol kənarındakı dərəyə düşüb.
Nəticədə avtomobildə olan hərbi qulluqçular - baş leytenant Nəsibov Elməddin Süleyman oğlu və gizir Kamallı Kamal Vilayət oğlu vəfat ediblər.