General qoşunların müasir tipli yaşayış kompleksi ilə təmin edilməsindən danışdı

General qoşunların müasir tipli yaşayış kompleksi ilə təmin edilməsindən danışdı Müdafiə Mazirliyi işğaldan azad edilən ərazilərdə yeni yaradılan hərbi hissələrin modul tipli yerləşmə məntəqəsilə tanışlıq üçün mediatur təşkil edilib.
Hərbi
417
11 İyun , 2021 14:16
General qoşunların müasir tipli yaşayış kompleksi ilə təmin edilməsindən danışdı

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən işğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin hərtərəfli təminatının, sosial-məişət şəraitinin və qoşun xidmətinin təşkili ilə bağlı təxirəsalınmaz tədbirlər davam etdirilir.

"Report" xəbər verir ki, şəxsi heyətin xidməti və döyüş fəaliyyətinin təşkili, eləcə də məişət şəraitinin təmin edilməsi məqsədilə Ağdam rayonu ərazisində müasir avadanlıqla təchiz olunmuş müxtəlif təyinatlı qurğulardan ibarət modul tipli hərbi hissələrlə tanışlıq məqsədilə iyunun 11-də kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri üçün media-tur təşkil olunub.

Tədbir çərçivəsində jurnalistlər modul tipli hərbi hissələrdə yaradılan yataqxanalar, tibb məntəqəsi, yeməkxana, mətbəx, silah otağı və hamam-sanitar qovşağı ilə yaxından tanış olub.

Bildirilib ki, modul tipli komplekslərdəki xidməti otaqlar kondisionerlər, mebellər, müasir tipli sanitar qovşaqları, yataq ləvazimatları, mətbəx avadanlıqları və generatorlarla təchiz olunub.

Yeni alınan səyyar avadanlıqlar sayəsində şəxsi heyət daim isti yemək və məişət xidmətləri ilə təmin olunur.
Əlavə olaraq bildirilib ki, işğaldan azad edilmiş rayonlarda dislokasiya olunan hərbi hissələrdə indiyədək 60-dək modul və konteyner tipli yerləşmə məntəqələri şəxsi heyətin istifadəsinə verilib.

Ali Baş Komandanın göstərişinə uyğun olaraq azad olunan digər ərazilərdə yeni hərbi hissələrin tikintisi planlı şəkildə davam etdirilir.

Son xəbərlər

Orphus sistemi