Pakistanda rəsmi səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkənin Xüsusi Xidmətlər Qrupu (SSG) diviziyasında olub.
Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.
SSG diviziya komandiri general-mayor Adil Rəhmani nümayəndə heyətinə diviziyanın təyinatı və təlim prosesi haqqında ətraflı məlumat verib. Bildirilib ki, diviziyanın şəxsi heyəti xüsusi təyinatlılardan ibarətdir və əsasən əks-terror, mühüm hədəflərin aşkar edilməsi, girovların azad edilməsi, informasiya, psixoloji və bir sıra digər xüsusi əməliyyatlara cəlb olunur.
Sonra SSG-nin təlim ərazisi ilə tanışlıq keçirilib, diviziyanın sərəncamında olan silah və texnika, habelə digər hərbi təyinatlı vasitələr nümayəndə heyətinə nümayiş etdirilib.
Sonda general-polkovnik K.Vəliyev SSG diviziyasının Fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.
Görüşdə Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov da iştirak edib.