Azərbaycanın müdafiə potensialının gücləndirilməsinə ayrılacaq vəsaitin həcmi açıqlanıb.
"Report" xəbər verir ki, bu, Maliyyə Nazirliyinin 2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında əksini tapıb.
Belə ki, müdafiə potensialının gücləndirilməsi və silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması məqsədilə dövlət büdcəsinin əsaslı xərclərindən qarşıda duran vəzifələrə və bağlanılmış müqavilələrə uyğun olaraq xüsusi müdafiə təyinatlı layihələr və tədbirlərin maliyyə təminatı üçün 3 milyard manat məbləğində vəsait proqnozlaşdırılır.
Müdafiə və milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə orqanlarının və prokurorluğun saxlanılması xərcləri üçün 2024-cü ilin dövlət büdcəsi xərclərinin 25,5 faizi həcmində və ya 9377,7 milyon manat məbləğində vəsait nəzərdə tutulub ki, bu da 2023-cü ilin proqnozuna nisbətən 489,3 milyon manat və ya 5,5 faiz, 2022-ci ilin icra göstəriciləri ilə müqayisədə isə 2114,7 milyon manat və ya 29,1 faiz çoxdur.