Azərbaycan müdafiə nazirinin birinci müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyəyə rəsmi səfərə gedib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyinin "X" hesabında paylaşım edilib.
K.Vəliyevi paytaxt Ankaranın Esenboğa hava limanında Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.
Azərbaycan Müdafiə Nazirliyi də K.Vəliyevin Türkiyəyə səfəri barədə məlumat yayıb. Bildirilib ki, sentyabrın 11-də Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Türkiyə Respublikasına rəsmi səfəri başlayıb.
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürakın dəvətilə qardaş ölkəyə səfəri çərçivəsində Azərbaycan Ordusunun Baş Qərargah rəisinin Türkiyənin hərbi rəhbərliyi ilə bir sıra görüşləri keçiriləcək.
Səfər çərçivəsində hərbi, hərbi-texniki, hərbi təhsil və bir sıra digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq.