Bakı. 12 dekabr. REPORT.AZ/ İranın Sərhəd Qoşunlarının komandanı general-mayor Qasım Rzayinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri başa çatıb.
Bu barədə "Report"a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.
DSX-nin Aparatında İranın Sərhəd Qoşunlarının nümayəndə heyəti ilə Azərbaycanın Dövlət Sərhəd Xidmətinin nümayəndə heyəti arasında səfər çərçivəsində keçirilən görüşlərin, aparılan müzakirələrin və əldə olunan razılaşmaların nəticələrini təsbit edən protokol hazırlanıb, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və İranın Sərhəd Qoşunlarının Komandanı Qasım Rzayi tərəfindən imzalanıb.
Protokolda tərəflər arasında sərhəd mühafizəsi sahəsində əməkdaşlığın genişləndirilməsi, dövlət sərhədindən buraxılış məntəqələrində vətəndaşların hərəkətinin daha da asanlaşdırılması, dövlət sərhədində qanunsuz fəaliyyətin, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinin və qeyri-leqal miqrasiyanın, transsərhəd cinayətkarlığın digər növlərinin qarşısının alınması üzrə məlumat mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulub.
İran nümayəndə heyəti Azərbaycan Respublikasının Atçılıq Federasiyasının təşkil etdiyi “Çövkən” Milli Atüstü oyunu üzrə Prezident Kuboku çərçivəsində “Sərhədçi” çövkən komandası ilə “Omar” çövkən komandası arasında oyuna tamaşa ediblər.