Bakı. 21 iyul. REPORT.AZ/ Azərbaycan Respublikasının
"Report" xəbər verir ki, görüşdə çıxış edən Xidmətin rəisi general-leytenant
A.Rəhimov əlavə edib ki, Xidmətdə neqativ hallara qarşı ciddi mübarizə aparılır: "Biz korrupsiyaya qarşı çox ciddi şəkildə mübarizə aparırıq. İstisna etmirik ki, kimsə-kimsədən nəsə istəyir. Amma buna ilk növbədə şərait yaradan vətəndaşlardır. Heç kim vətəndaşa deməz ki, "gəl mən nəyinsə qarşılığında sənin övladını hərbi xidmətdən yayındırım". Vətəndaş özünün qeyri-qanuni istəyini həyata keçirmək üçün kiməsə nəsə təklif edir. Kimdə belə fakt varsa, məlumatı versin, araşdıraq. Ancaq bəzi hallarda görürsən ki, jurnalistlər reytinq xətrinə hər hansı bir məsələni araşdırmadan düşündükləri kimi yazırlar. Biz heç kimə "yazma" deyə bilmərik, amma yazanda araşdırıb yazmaq lazımdır".
Xidmətin gördüyü işlər barədə məlumat verən A.Rəhimov deyib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradıldığı gündən vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində mühüm işlər görür: "Xidmət tərəfindən ötən ildən başlayaraq regionlarda “Vətənin müdafiəsinə hazıram!” adlı hərbi-vətənpərvərlik mövzusunda silsilə tədbirlər həyata keçirilir. Bu tədbirlər gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi işini daha da gücləndirmək, çağırışaqədərki hazırlığın keyfiyyətini daha da yaxşılaşdırmaq, gənc nəsli milli dövlətçilik ruhunda tərbiyə etmək, onlarda müstəqil dövlətimizə sədaqət hissini möhkəmləndirmək məqsədi daşıyır. Xidmət ordu üçün sürücülərdən başqa, aşpazlar, paraşütçülər, snayperlər, kəşfiyyatçılar, atıcılar hazırlayır. Bu işdə KİV-lərin rolu böyükdür".
Sonda bir qrup jurnalistə hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərinə görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin diplomu və qiymətli hədiyyələr təqdim olunub. Təltif olunanlar arasında "Report" İnformasiya Agentliyinin əməkdaşı da olub.