“Ordunun gücü, döyüş qabiliyyəti həm də döyüş texnikaları ilə bağlıdır”

“Ordunun gücü, döyüş qabiliyyəti həm də döyüş texnikaları ilə bağlıdır” 1991-ci ilin oktyabrında Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra dövlətçilik atributu olan ordu quruculuğuna gərgin siyasi bir şəraitdə başlanıldı
Hərbi
24 Noyabr , 2020 18:03
“Ordunun gücü, döyüş qabiliyyəti həm də döyüş texnikaları ilə bağlıdır”

“1991-ci ilin oktyabrında Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra dövlətçilik atributu olan ordu quruculuğuna gərgin siyasi bir şəraitdə başlanıldı. Şübhəsiz ki, daxili qarşıdurmalar, hakimiyyət naminə əsassız mübarizələr, Ermənistanın Azərbaycana qarşı elan etmədən müharibəyə başlaması bu prosesə təsir göstərirdi. Vətəndaş müharibəsi ehtimalı gerçəkləşəndə, dövlətçiliyin itirilməsi təhlükəsi yarananda xalqımız böyük tarixi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıtmasını tələb etdi. Bundan sonra isə digər sahələrdə olduğu kimi, ordu quruculuğunda da ilkin əsaslı islahatlar aparıldı, nizami ordunun formalaşmasına şərait yarandı. Bu, müstəqil Azərbaycanın ordu quruculuğunda Heydər Əliyev mərhələsinin başlanğıcı idi”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Onun sözlərinə görə, 1994-cü ildən 2003-cü ilə kimi ordu quruculuğunda qazanılan uğurlar İlham Əliyev Azərbaycan Prezidenti seçildikdən sonra daha da genişlənib:

"Prezident İlham Əliyev tərəfindən qurucusu ümummilli lider Heydər Əliyev olan ordunun maddi-texniki bazasının gücləndirilməsi, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilməyə başlanıldı. Bu, Azərbaycanın ordu quruculuğunda İlham Əliyev mərhələsinin başlanğıcı idi. 2005-ci il dekabrın 16-da isə Prezident İlham Əliyevin sərəncamı ilə Müdafiə Sənayesi Nazirliyi yaradıldı. Bundan qısa müddətdə isə ölkəmizdə silah, hərbi sursat istehsalına başlanıldı. Silahlı Qüvvələrimizin balansında olan zavodlarda təmir, yenidənqurma işləri aparıldı. Bu müəssisələr indi ordumuzun inventarında olan hərbi texnikaların təmirini, ən müasir şəkildə modernləşdirilməsini həyata keçirməkdədir. Hesab edirəm ki, ordunun gücü, döyüş qabiliyyəti həm də döyüş texnikalarıyla, silah-sursatla bağlıdır”.

Deputat bildirib ki, hazırda Azərbaycanda prioritet istiqamətlərdən biri də sosial siyasətdir:

“Davamlı olaraq həyata keçirilən bu siyasətin məntiqi nəticəsi kimi ciddi infrastruktur layihələri, artan əməkhaqları və müavinətlər, əhalinin rifah halının yüksəldilməsi istiqamətində atılan addımlar nümunə göstərilə bilər. İlham Əliyevin Prezidentliyi dövründə hərbi xərclər hər il büdcə xərcləri arasında birinci yerdə dayanır. Azərbaycanın hərbi xərcləri Ermənistanın dövlət büdcəsini üstələyir. Bu da Prezident İlham Əliyevin orduya xüsusi diqqət və qayğısının növbəti təzahürüdür.

Onun sözlərinə görə, Prezident İlham Əliyev hər zaman cəmiyyətdə bütün kateqoriyadan olan təbəqələrə, o cümlədən hərbi qulluqçulara diqqət və qayğısını heç vaxt əsirgəmiyib, bu gün də əsirgəmir: “Azərbaycanda ildən-ilə hərbçilərin sosial müdafiəsi gücləndirilir, onların mənzil-məişət problemləri həll edilir. Son illərdə hərbi şəhərciklərin tikilməsi zabit, gizir və müddətdən artıq hərbi xidmət edən çavuşlarımız üçün mənzil şəraitinin yaxşılaşdırılmasına hesablanıb. Hərbi şəhərcikdən kənardakı yaşayış məntəqələrində kirayədə qalan hərbi qulluqçuların isə kirayə pulu dövlət hesabına ödənilir. Ailələrin işlə təmin olunması, sağlamlıq məsələsi və s. problemlərin həlli yolunda dövlət addımlar atır və ildən-ilə bu sahəyə artırılan qayğı özünü göstərir. Bu artım hər il büdcə ayrımlarında da yüksələn xətlə gedir”.

Deputat həmçinin qeyd edib ki, 1990-cı illərin əvvəllərində Azərbaycanın yetərli dərəcədə gücünün olmaması nəticəsində ölkəmiz işğala məruz qalmışdı:

“Bütün bu uğursuzluqlara baxmayaraq, 17 illik fəaliyyəti dövründə Prezident İlham Əliyevin düşünülmüş şəkildə yürütdüyü siyasətlə münaqişənin həlli üçün hüquqi baza yaradıldı. Sentyabrın 27-də isə erməni terrorçuları tərəfindən ölkəmizə qarşı növbəti təxribat törədildi. Ordumuzun uğurlu əks-hücüm əməliyyatları sayəsində torpaqlarımızın böyük hissəsi düşməndən azad olundu və Ermənistan kapitulyasiyaya məcbur edildi. Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz tarixi missiyasını şərəflə yerinə yetirərək işğal olunmuş torpaqları düşməndən azad etdi. Bununla yanaşı, döyüş meydanında əldə edilən qələbə imkan verdi ki, Ağdam rayonu, eyni zamanda Kəlbəcər və Laçın rayonları bir güllə atmadan, bir şəhid vermədən işğaldan azad edilsin. Hesab edirəm ki, Ağdamın azad olunması da noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında imzalanmış üçtərəfli bəyanatın nəticəsidir. Bəyanata əsasən, qarşıdan gələn dövrdə Kəlbəcər və Laçın rayonları da düşməndən öz sahibinə qaytarılacaq”.

Son xəbərlər

Orphus sistemi