Xalq şairi Fikrət Qocanın oğlunu öldürməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

Xalq şairi Fikrət Qocanın oğlunu öldürməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb Məhkəmənin baxış iclası avqustun 2-nə təyin edilib
Hadisə
31 İyul , 2017 12:13
Xalq şairi Fikrət Qocanın oğlunu öldürməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

Bakı. 31 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq şairi Fikrət Qocanın oğlu Yalçın Qocayevi qətlə yetirməkdə təqsirləndirilən Elnur Nəhmədov, Pərviz Hüseynov və Ruslan Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

İclasda qətlə yetirilmiş Y.Qocayevin oğlu Əli Qocayevin zərərçəkmişin hüquqi varisi olduğu elan olunub.

Məhkəmənin baxış iclası avqustun 2-nə təyin edilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin rəsmi məlumatına görə, bu il martın 11-də gecə saat 2 radələrində Vətən Müharibəsi Veteranlar Birliyinin Nəsimi rayonu M.Cəlal küçəsində yerləşən rayon şöbəsinin inzibati binasında Ruslan adlı şəxs oranın üzvü, Bakı şəhər sakini Yalçın Qocayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirib. Y.Qocayev hadisə yerində ölüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Qocayevin tanışları - Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov, Sabirabad rayon sakini Elnur Nəhmədov, Bakı şəhər sakini Pərviz Hüseynovla aralarında baş verən mübahisə zəminində E.Nəhmədov tərəfindən döyülərək öldürülməsi müəyyən edilib.

Görülmüş tədbirlərlə hər üç şəxs tutulub.

Son xəbərlər

Orphus sistemi