Türyançay üzərindəki avtomobil körpüsündə dəliklər əmələ gəlib

Türyançay üzərindəki avtomobil körpüsündə dəliklər əmələ gəlib Türyançay üzərində olan körpüdə dəliklər əmələ gəlib
Hadisə
2 Aprel , 2024 16:57
Türyançay üzərindəki avtomobil körpüsündə dəliklər əmələ gəlib

Son günlər Azərbaycanın şimal-qərb bölgəsində yağan güclü yağışlardan sonra Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz və Qəbələ rayonları istiqamətində salınan körpüdə aşınmalar əmələ gəlib.

"Report"un Şimal-qərb bürosu xəbər verir ki, söhbət Türyançay çayı üzərindəki körpüdən gedir.

Aşınma körpünün hər iki tərəfində olub. Belə ki, körpünün kənarlarında dəliklər yaranıb.

Sürücülər körpünün qəzalı vəziyyətə düşə biləcəyindən narahatdırlar. Onların sözlərinə görə, əgər güclü yağışlar olarsa, körpüdə yaranan dəliklər böyüyə bilər.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sözçüsü Anar Nəcəfli "Report"un yerli bürosuna bildirib ki, körpüdə yaranan dəliklərlə bağlı narahatlığa əsas yoxdur.

"Qeyd edim ki, sözügedən əraziyə baxış keçirilib. Körpünün dayanıqlılığına, konstruksiyasına zərər vura biləcək bir nöqsan aşkarlanmayıb. Vətəndaşlarımız rahat şəkildə həmin körpüdən istifadə edə bilərlər. Ümumiyyətlə, qeyd edim ki, körpülərə, yollara mütəmadi olaraq baxış keçirilir, hər hansı bir problem aşkarlandıqda dərhal aradan qaldırılması istiqamətində addımlar atılır", - o vurğulayıb.

Son xəbərlər

Orphus sistemi