“Times”: AZAL-ın təyyarəsinin qəza videosu nə baş verdiyinə dair sualların cavabıdır

“Times”: AZAL-ın təyyarəsinin qəza videosu nə baş verdiyinə dair sualların cavabıdır Azərbaycandan Qroznıya gedən 8432 saylı reys çox güman ki, raketlə vurulub. Ekspertlər pilotun dispetçerlərlə danışıqlarının Rusiyada dərc edilmiş stenoqramını öyrəndikdən və videonu izlədikdən sonra belə qənaətə gəliblər.
Hadisə
27 Dekabr , 2024 13:57
“Times”: AZAL-ın təyyarəsinin qəza videosu nə baş verdiyinə dair sualların cavabıdır

Azərbaycandan Qroznıya gedən 8432 saylı reys çox güman ki, raketlə vurulub. Ekspertlər pilotun dispetçerlərlə danışıqlarının Rusiyada dərc edilmiş stenoqramını öyrəndikdən və videonu izlədikdən sonra belə qənaətə gəliblər.

“Report” xəbər verir ki, bu barədə Böyük Britaniyanın “The Times” nəşrində dərc edilmiş məqalədə qeyd olunur.

"Azərbaycan Hava Yolları” aviaşirkətinin “Embraer” tipli təyyarəsinin pilotları bütün uçuş idarəetmə sistemlərini itirdikdən sonra yalnız dartı mühərriklərindən istifadə edərək zədələnmiş təyyarəni qəza enişi etdirməyə çalışarkən böyük çətinliklərlə mübarizə aparmalı olublar", - məqalədə deyilir.

Qazaxıstandakı qəzadan əvvəlki və sonrakı videolar göstərir ki, qəlpələr təyyarənin arxa hissəsini deşərək onun qanadlarında və quyruq hissəsində olan hər üç paralel hidravlik sistemi sıradan çıxarıb”, - aviasiya üzrə ekspertlər bildiriblər.

Qroznıda pilotlarla dispetçerlər arasındakı danışıqların stenoqramı göstərir ki, onlar görmə məsafəsinin həddindən artıq zəif olması səbəbindən eniş edə bilmədikləri üçün Çeçenistan şəhərindən uzaqlaşarkən əvvəlcə quşla toqquşma hesab etdikləri "zərbə" barədə məlumat veriblər.

"İdarəetmə sistemlərimiz sıradan çıxıb. Kabinəyə quş girib" - pilot dispetçerə bildirib. Toqquşmadan bir qədər əvvəl onlar GPS naviqasiyasının itirilməsi barədə məlumat verərək radar yönləndirməsi tələb ediblər. Rusiya və digər dövlətlər hərbi məqsədlərlə peyk siqnallarını söndürür, lakin naviqasiyanın itirilməsi fövqəladə vəziyyətlə bağlı olmayıb.

Müəllif iddia edir ki, danışıqların onlayn xəbər kanalında dərc edilmiş stenoqramı yoxlanıla bilməsə də, Azərbaycan və Qazaxıstandan gələn məlumatlara uyğundur. Toqquşmadan yeddi dəqiqə sonra pilot bildirib: "İndi də hidravlika sıradan çıxdı".

"İdarəetmə sistemləri sıradan çıxdıqda ekipaj, ehtimal ki, hər iki reaktiv mühərriksə dartı gücünü ayrı-ayrılıqda tənzimləməklə təyyarənin tanqaj və meyl bucaqlarını idarə etməyə çalışıb" - ekspertlər yazır.

Əvvəlcə onlar Qafqazdakı ən yaxın hava limanı olan Mineralnıye Vodıda, sonra Mahaçqalada eniş etməyə çalışıblar, lakin orada da hava şəraitinin enişə imkan vermədiyini bildiriblər.

Əvvəllər Fransanın aviasiya qəzalarını araşdıran BEA bürosunda işləmiş mütəxəssis Jerar Leqofr qalıqların üzərində "çoxsaylı qəlpə" zədələrinin olduğunu bildirib. Bu, 2014-cü ildə Rusiyanın dəstəklədiyi üsyançılar tərəfindən Şərqi Ukraynada zenit raketi ilə vurulan “Malaysia Airlines”ın MH17 reysi ilə bağlı hadisəsini xatırladır.

Fransa Hərbi Hava Qüvvələrinin keçmiş pilotu, müdafiə məsələləri üzrə məsləhətçi Ksavye Titelman Azərbaycan təyyarəsinin raketlə vurulduğuna demək olar ki heç bir şübhə olmadığını söyləyib. "Quyruq hissədəki zədələr raket qəlpələri üçün səciyyəvidir. Təyyarənin niyə idarəolunmaz hala gəldiyini başa düşmək olar", - o vurğulayıb.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.

Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin cəsədi gətirilib.

Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.

Eyni zamanda dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Son xəbərlər

Orphus sistemi