Təyyarə qəzasında həlak olduğu ehtimal edilən, ekipaj üzvlərindən biri Hökümə Əliyeva əslən Kəlbəcər rayonundan olan Gəncə şəhər sakinidir.
H.Əliyevanın atası Cəlil Əliyev "Report"un Qərb bürosuna açıqlamasında bildirib ki, Azərbaycan Hava Yollarından ona başsağlığı veriblər.
“Təyyarə qəzasında ekipaj üzvləri arasında olanlardan biri də mənim qızım Hökümə Əliyevadır. O, 2016-cı ildən orada çalışırdı. Azərbaycan Hava Yollarından mənə zəng edib dedilər ki, başınız sağ olsun! Başqa heç nə bilmirəm”, - C.Əliyev deyib.
H.Əliyevanın qardaşı Coşqun isə bacısının aqibəti ilə bağlı dəqiq məlumatı bilmək üçün Qazaxıstanda təyyarə qəzasında yaralanan şəxslərin aparıldığı xəstəxana ilə əlaqə saxlayıb:
"Bacımın fotosunu göndərdik ki, yaralıların içərisində olub-olmadığını dəqiqləşdirsinlər. Onlar da bildirdilər ki, ağır yanıq xəsarətləri alan, üzü tanımaz halda olan yaralılar var, bəlkə də onların içərisindədir. Lakin dəqiq heç nə demədilər. Qazaxıstanlı həkimlər bütün yaralılara istənilən tibbi yardımı göstərir".
Hökümə Əliyeva 1991-ci il təvəllüdlüdür, ailəlidir, övladı yoxdur.
Qeyd edək ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər yaralanıb. Hadisə ilə bağlı Azərbaycanda dekabrın 26-sı matəm günü elan edilib.