Bakı. 15 İyun. REPORT.AZ/ Tərtərin Səhlabat kəndində canavar hücumu hadisəsi baş verib.
"Report" xəbər verir ki, yırtıcılar kənd ərazisindəki fermaların birində məcburi köçkün kimi məskunlaşan Laçın rayon sakinləri Məhəmməd Hüseynov və Müsabi Bədəlova məxsus təsərrüfata ziyan vurublar.
Canavarlar qoyun sürüsünə otlaq sahəsində hücum edib. Yırtıcılar M.Hüseynova məxsus 8 xırda buynuzlu heyvanı parçalayıb, 12-ni isə ölümcül yaralayıb. Yırtıcı heyvanların M. Bədəlovun yaşayış həyətinə soxulması nəticəsində isə iki quzu tələf olub.
Təsərrüfat sahibi son günlər cəbhə kəndlərində canavarların çoxaldığını bildirib.
Hadisələr nəticəsində fermerlərə təqribən 2 min 500 manat dəyərində ziyan dəyib. Hər iki təsərrüfat sahibi heyvanlarının sığortalanmadığını bildirib.