Sabunçu Rayon Məhkəməsində bir nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən Zaur Əsgərovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
“Report”un xəbərinə görə, məhkəmə onun barəsində bəraət hökmü çıxarıb.
Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti və zərərçəkmişin hüquqi varisi isə apellyasiya şikayəti verib. Bakı
Qeyd edək ki, hadisə 2016-cı ilin avqust ayında, Bakının Sabunçu rayonun Balaxanı qəsəbəsində qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Z.Əsgərovun idarə etdiyi “Kommunal Xidmətlər Müəssisəsi” MMC-yə məxsus “MAN” markalı məişət tullantıları daşıyan maşınla digər avtomobil toqquşub.
Hadisə nəticəsində digər avtomobilin sürücüsü Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Azər Adıl oğlu Məmmədov yanaraq ölüb.
Daha sonra Z.Əsgərovun barəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, bu əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısının 13 avqust 2012-ci il tarixli 357 saylı sərəncamı ilə BŞİH-in tabeliyində təsis edilmiş “Kommunal Xidmətlər Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti struktur vahidi kimi Bakı Şəhər Mənzil – Kommunal Təsərrüfatı Departamentinin tabeliyinə verilib.