Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) sentyabrın 7-si saat 08:15-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində 2 ədəd əl qumbarasının tapılması barədə məlumat daxil olub.
ANAMA-dan "Report"a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları, Sumqayıt Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Bölməsinin və Sumqayıt Təcili Tibbi Yardım Stansiyasının (STTYS) əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd F-1 əl qumbarası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Əl qumbaralarının ətrafında 400 kv.m əraziyə yerüstü, 100 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.