Samuxda halvadan zəhərlənənlərin vəziyyəti orta ağırdır - YENİLƏNİB-2

Hadisə
  • 15 iyul, 2026
  • 18:49
Samuxda halvadan zəhərlənənlərin vəziyyəti orta ağırdır - YENİLƏNİB-2

Samuxda zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən şəxslər müxtəlif qidalar qəbul ediblər.

"Report"un Qərb bürosu xəbər verir ki, bu barədə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinin həkimi Əli Quliyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, pasiyentlər əsasən halva və südlü aş qəbul ediblər:

"Onlarda halsızlıq və ishal əlamətləri olub. Xəstəxanada pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib, müalicələri davam etdirilir".

Samuxda zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən şəxslərin vəziyyəti orta ağırdır.

Bu barədə "Report"a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, 7-si azyaşlı olmaqla 10 nəfər (4 kişi, 6 qadın) 15.07.2026-cı il tarixində saat 15:30 radələrindən etibarən zəhərlənmə şübhəsi ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

"Pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri davam etdirilir və vəziyyətləri orta ağır qiymətləndirilir", - məlumatda qeyd olunub.

Samux rayonunda kütləvi zəhərlənmə faktı qeydə alınıb.

"Report"un Qərb bürosu xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində baş verib.

10-dan çox şəxsin qidadan zəhərlənmə diaqnozu ilə Gəncə şəhərində Abbas Səhhət adına xəstəxanaya yerləşdirildiyi bildirilir.

İlkin məlumata görə, kənd sakinlərindən biri halva bişirib və qonşulara paylayıb. Halvanı yeyən ev sakinləri və qonşular özlərini pis hiss etdiklərindən xəstəxanaya müraciət ediblər.

Faktla bağlı araşdırma aparılır.