Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 3 nəfər saxlanılıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Bildirilib ki, Sabirabad RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Qalaqayın kənd sakinləri Ramil Orucov və Elşən Məmmədov saxlanılıblar.
Həmin şəxslərin ünvanlara keçirilən baxış zamanı R.Orucova məxsus fərdi yaşayış evindən sellofan torbalarda qablaşdırılmış ümumi çəkisi 5 kiloqram 634 qram, E.Məmmədova məxsus evdən isə 140 qram marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.
Şöbə əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri nəticəsində eyni cinayət əməli ilə məşğul olan Biləsuvar rayon sakini Heydər Qasımlı da saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı 3 büküm psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.
Faktlarla bağlı Sabirabad RPŞ-də araşdırma aparılır.