Milli Məclisin sabiq deputatı Rafael Cəbrayılovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
“Report”un xəbərinə görə, proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutub.
Prosesdə zərərçəkmiş ifadələri dinlənilib.
Zərərçəkmişlər Rafael Cəbrayılova müxtəlif vaxtlarda pul verdiklərini, lakin sonuncunun pulu qaytarmadığını bildiriblər.
Zərərçəkmiş Yusif Orucov deyib ki, o, sabiq deputatla 2015-ci ildə onun avtomobilində görüşüb və şəxsən 100 min dollar pul verib.
Digər zərərçəkmiş Şəfa Məmmədova 10 min dollar artıqlaması ilə pulu geri almaq şərti ilə R.Cəbrayılova 50 min dollar verdiyini deyib.
Zərərçəkmiş Sənan Ağamirov isə bildirib ki, o, sabiq deputata ümumilikdə 45 min dollar verib və həmin pulun 12 min dollarını geri ala bilməyib.
Digər zərərçəkmiş Məlahət Qurbanova çıxışında sabiq deputata 561 min manat verdiyini və bu məbləğin 169 min manatını geri aldığını deyib.
R.Cəbrayılov zərərçəkmişlərin ifadələrini rədd edərək, onlardan pulları 2,5 faizlə borc kimi aldığını və əksəriyyətini geri qaytardığını bildirib.
Növbəti iclas sentyabrın 2-ə təyin olunub.
Qeyd edək ki, Azərbaycan Respublikası Milli Məclisinin III, IV və V çağırış deputatı olmuş Cəbrayılov Rafael Kamil oğlunun öz qulluq mövqeyindən istifadə edərək külli miqdarda ziyan vurmaqla dələduzluq törətməsi və digər faktlar üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanmaqla ibtidai istintaqı aparılıb.
Aparılan ibtidai istintaq zamanı Rafael Cəbrayılovun həmin vəzifədə olarkən qardaşı Cəbrayılov Rauf Kamil oğlu tərəfindən Bakı şəhər sakininə satılan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə küçəsində yerləşən 2 hektar torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın əldə edilməsində köməklik göstərilməsi ilə əlaqədar ona müraciət etmiş vətəndaşa bu barədə yalandan vəd edərək, həmin adla sözügedən vətəndaşdan 240 min manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyaclarına sərf etməsinə və bununla da vətəndaşa külli miqdarda ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən qanunsuz hərəkətləri ilə Rafael Cəbrayılovun deputatların fəaliyyətinin tənzimlənməsi sahəsində qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən vəzifələrini yerinə yetirməli olduğu halda öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirməsinə dair əldə edilmiş kifayət qədər sübutlarla əsaslar müəyyən olunduğundan ona Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, zərərçəkmiş şəxslərdən biri məşhur iş adamı, "Şərurlu İsfəndiyar" kimi tanınan İsfəndiyar Axundovdur.