Yuxarı

​Rusiyadan Azərbaycana narkotik maddə gətirməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Dəyanət Qarayev 6 il müddətinə azadlıqdan məhrum edilib

Bakı. 5 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qaçaqmalçılığında təqsirləndirilən Dəyanət Qarayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Report”un xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi iclasda təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəminin hökmü ilə D.Qarayev 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun gömrük nəzarəti zonasına daxil olan Ukrayna vətəndaşı Niyazi Cavanşir oğlu Əsədovun idarə etdiyi “Volksvagen Transporter” markalı, AK-1046-AP dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə və nəqliyyat vasitəsində olan yüklərə keçirilmiş gömrük baxışı zamanı 1 ədəd yağ qutusunda olan yağın içərisində gizlədilən ağ rəngli polietilen bağlamaya bükülmüş vəziyyətdə, xalis çəkisi 2 kiloqram 480 qram bitki mənşəli kütlə, çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb. İstintaqla müəyyən edilib ki, Dəyanət Qarayev satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə Ukraynada şəxsiyyəti istintaqla müəyyən edilməmiş bir qrup şəxslə qabaqcadan əlbir olub. İstintaqla müəyyən edilməmiş mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda, 2 kiloqram 480 qram qurudulmuş marixuana narkotik vasitəsini əldə edib, yağın içərisində yerləşdirib saxlayıb, Niyazi Cavanşir oğlu Əsədovun idarə etdiyi “Volksvagen Transporter” markalı sərnişin mikroavtobusunun salonunda daşıyaraq Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirməyə çalışıb. Aparılmış əməliyyat tədbirləri zamanı Dəyanət Babaxan oğlu Qarayev Heydər Əliyev Beynəlxalq Hava Limanında Bakı-Mineralnıye Vodı aviareysi ilə ölkə ərazisini tərk etmək istəyərkən saxlanılıb.

O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi