Rusiya İstintaq Komitəsinin sədri Bakıda Rus Dram Teatrının keçmiş aktyoru İosif Tkaç və həyat yoldaşı Lyudmila Tkaçın qətlinin araşdırılması ilə əlaqədar Azərbaycan həmkarları ilə əməkdaşlığın təşkil edilməsini tapşırıb.
“Report”un məlumatına görə, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
“Rusiya İstintaq Komitəsi ilə Azərbaycan Baş Prokurorluğu arasında imzalanmış ikitərəfli sazişləri və səmərəli əməkdaşlığı nəzərə alaraq, Komitə sədri hüquqi təminat və beynəlxalq əməkdaşlıq departamentinə qarşılıqlı fəaliyyətin təşkili barədə göstəriş verib. Azərbaycanlı həmkarlara cinayət işinin araşdırılmasında mümkün köməklik təklif edilir”, - məlumatda bildirilir.
Xatırladaq ki, oktyabrın 23-də Bakının Nəsimi rayonunda 1939-cu il təvəllüdlü İosif Tkaç Zusyeviçin və arvadı 1944-cü il təvəllüdlü Lyudmila Tkaç Mixaylovnanın qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1973-cü il təvəllüdlü İslam Hadıyev müəyyən olunaraq saxlanılıb.