Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sabiq Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Report"un xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə R.Quliyev bildirib ki, ona qarşı irəli sürülən ittihamlar yalnız vəzifə səlahiyyəti olan şəxslər tərəfindən törədilə bilər: "Bu işdə olan rəsmi məktublardan görünür ki, mən səlahiyyətli şəxs olmamışam, sərəncamı imzalaya bilməzdim".
Prokuror bu zaman arayışla çıxış edib. Deyib ki, R.Quliyev vəzifə səlahiyyətlərini aşaraq həmin sərəncamı imzalayıb, ittiham da buna görə irəli sürülüb: "Rasim Quliyev təkrar-təkrar sərəncam imzalamaq üçün səlahiyyətlərinin olmadığını deyir. Bildirim ki, ittiham bundan ibarətdir ki, Rasim Quliyev icra başçısı vəzifəsini mənimsəyərək həmin sərəncamı imzalayıb. Yəni, səlahiyyəti olmadığı halda həmin sərəncamı imzalayıb. İttihamın mahiyyəti budur".
R.Quliyevin vəkili isə deyib ki, ittihamda "vəzifə səlahiyyətini mənimsəmə" yox, "vəzifə səlahiyyətlərindən sui-istifadə" halı göstərilir.
Hakim Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsindən bu məsələ ilə bağlı bütün rəsmi sənədlərin növbəti günlərdə məhkəməyə təqdim edilməsini istəyib.
Məhkəmə prosesi sentyabrın 20-də davam etdiriləcək.
Qeyd edək ki, Baş Prokurorluğun məlumatına görə, paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən yaşayış binalarının, habelə yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi və yeni yaşayış binalarının tikintisinə dair “FF-2011” Mənzil Tikinti Kooperativinə qanunsuz icazə verilməsi faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaqı aparılıb.
Aparılmış istintaqla Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsi üzrə səlahiyyətlərinin icrası həvalə edilmiş BŞİH başçısının Aparat rəhbəri vəzifəsində işləmiş Quliyev Rasim Vaqif oğlunun təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi qanunsuz üstünlük əldə etmək məqsədilə BŞİH başçısının Nəsimi rayonu ərazisində ofis və yaşayış binalarının tikilməsinə dair 31 may 2018-ci il tarixli 346 nömrəli sərəncamını şəxsən imzalamasına, bununla da sözügedən MTK-nın həmin ərazidə 1893-cü ildə inşa edilmiş yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin olmasını nəzərə almadan ayrı-ayrı fiziki şəxslərə məxsus olan mənzillərin, yaşayış və qeyri-yaşayış sahələrinin qanunsuz olaraq söküntüsünə başlamasına, habelə tikinti və söküntü işlərinin aparılmasının digər əsas şərtlərinin pozulmasına səbəb olmasına əsaslı şübhələr müəyyən olunub.
Qeyd edilənlər nəzərə alınmaqla, Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, cinayət işi üzrə Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi zərərçəkmiş qismində tanınıb. Məhkəmə prosesi sentyabrın 20-də davam etdiriləcək.