Qaradağda həmyerlisini öldürməkdə təqsirləndirilən şəxs: "Onu mən yumruqla vurmamışam"

Qaradağda həmyerlisini öldürməkdə təqsirləndirilən şəxs: "Onu mən yumruqla vurmamışam" Məhkəmənin növbəti iclası aprelin 6-na təyin edilib
Hadisə
31 Mart , 2018 12:42
Qaradağda həmyerlisini öldürməkdə təqsirləndirilən şəxs: Onu mən yumruqla vurmamışam

Bakı. 31 mart. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Murad Zəkiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə M.Zəkiyev sərbəst ifadə verib.

O, mərhum Ruslan Dəmirovu yumruqla vurmadığını deyib: "Bazar günü evdə idim. Atam evə qan içində gəldi. Soruşanda taksi sürücüsü Ruslanın onu döydüyünü bildirdi. Həyətə düşüb Vüqarı gördüm, ondan Ruslanın kim olduğunu soruşdum. Bu zaman bir nəfər yaxınlaşdı, adının Ruslan olduğunu qeyd etdi. Mən onu tanımırdım, ətrafda da bir neçə nəfər var idi. Ruslan məni kənara çəkdi, ondan atamı niyə döydüyünü soruşdum. Məni yumruqla vurmaq istədi, üzümü bağlayıb kənara çəkildim. Bu zaman Ruslan yerə yıxıldı. Mən də çıxıb evə getdim".

Təqsirləndirilən şəxs qeyd edib ki, R.Dəmirovun hadisədən bir qədər sonra öldüyünü bilib: "Polislər evə gəlib, məni apardı. Yenə deyirəm ki, mən onu vurmamışam. Ruslan məni vurmaq istəyən zaman yerə yıxılıb. Bunun necə baş verdiyini heç bilmədim".

Məhkəmədə M.Zəkiyevin istintaqa verdiyi ifadəsi elan olunub. O, polisə ilkin izahatında söyləyib ki, R.Dəmirovun gicgahına yumruqla vurub.

M.Zəkiyev məhkəmədə bildirib ki, hüquq mühafizə orqanları əməkdaşları onu saxlayandan sonra nə deyiblər onu da izahatında yazıb.

Daha sonra məhkəmə istintaqı başa çatıb, dövlət ittihamçısı çıxış üçün məhkəmədən vaxt istəyib.

Məhkəmənin növbəti iclası aprelin 6-na təyin edilib.

Qeyd edək ki, ötən il avqustun 14-də Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində qəsəbə sakini Ruslan Dəmirovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.

Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, qəsəbə ərazisində R.Dəmirovla həmyerlisi Murad Zəkiyev arasında münaqişə baş verib. M.Zəkiyevin R.Dəmirovun sinə nahiyəsinə yumruqla vurması nəticəsində sonuncu yıxılaraq ölüb. Əməliyyat-axtarış tədbirləri ilə M.Zəkiyev tutulub.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.

Orphus sistemi