Prokuror piyadanın ölümünə səbəb olan sürücüyə cəza istəyib

Hadisə
  • 20 sentyabr, 2019
  • 08:29
Prokuror piyadanın ölümünə səbəb olan sürücüyə cəza istəyib

Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Roman Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report"un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb. Dövlət ittihamçısı çıxış edərək təqsirləndirilənin 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilən şəxsin vəkili çıxış üçün məhkəmədən vaxt istəyib. Proses sentyabrın 24-də davam edəcək.

Qeyd edək ki, hadisə bu il Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində baş verib.

Şıx qəsəbəsindən Bayıl qəsəbəsi istiqamətində hərəkətdə olan Roman Hacıyevin idarə etdiyi 90-CT-983 dövlət qeydiyyatı nişanlı “Mercedes” markalı avtomobil yola çıxan piyadaları vurub. Nəticədə 2001-ci il təvəllüdlü Cəfərov Roman Füzuli oğlu xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib. 2001-ci il təvəllüdlü Rəhimov Vahid Zöhrab oğlu isə üz və bədən nahiyəsindən sınıq xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib.

R.Hacıyevə Cinayət Məcəlləsinin 263.1-3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

44 filmi