Prokuror Leyla Yunus və Arif Yunusun məhkəmədə iştirak etməsini tələb edib

Prokuror Leyla Yunus və Arif Yunusun məhkəmədə iştirak etməsini tələb edib Məhkəmə prosesi mayın 3-dək təxirə salınıb
Hadisə
19 Aprel , 2017 13:29
Prokuror Leyla Yunus və Arif Yunusun məhkəmədə iştirak etməsini tələb edib

Bakı. 19 aprel. REPORT.AZ/ Bu gün Bakı Apellyasiya Məhkəməsində "Sülh və Demokratiya İnstitutu"nun direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunusun barəsində hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

"Report"un məlumatına görə, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə vəkil Elçin Sadıqov vəsatət qaldıraraq cinayət işində olan sənədlərin sürətini istəyib.

O bildirib ki, cinayət işinin sənədləri təxminən 300 səhivəlikdir.

Daha sonra dövlət ittihamçısı Abbas Abbaslı isə bu məsələdə fərqli fikirdə olduğunu deyib. Prokuror bildirib ki, Ali Məhkəmə öz qərarında apellyasiya baxışında məhkəmə istintaqının zəruriliyini qeyd edib: "Məhkəmə istintaqı aparıldığı halda, onların özlərinin iştirakı məqsədəmüvafiqdir".

Məhkəmə vəkilin vəsatətini təmin edərək, sənədlərin ona verilməsi qərarı çıxarılıb.

Pokurorun A.Yunus və L.Yunusun məhkəməyə gətirilməsi barədə tələbinə növbəti prosesdə baxılacaq.

Məhkəmə prosesi mayın 3-dək təxirə salınıb.

Qeyd edək ki, L.Yunus Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2-ci (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə, hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və qanunsuz hazırlama, yaxud ya bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə), 274 (dövlətə xəyanət) maddələri ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust 2015-ci il tarixli hökmü ilə L.Yunus 8 il 6 ay, A.Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin, məhkəmədə onların əmlaklarının müsadirə olunması, bank hesablarındakı vəsaitin alınaraq dövlətin hesabına köçürülməsi qərara alınıb.

Noyabrın 12-də Bakı Apellyasiya Məhkəməsində A.Yunus barəsində həbs qətimkan tədbiri dəyişdirilib və ondan başqa yerə getməməklə bağlı iltizam alınıb. Dekabr ayının 9-da isə L.Yunus barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edlib, o, 5 il sınaq müddəti təyin olunmaqla məhkəmə zalından şərti azadlığa buraxılıb. Bundan başqa, onun qızının evinə qoyulmuş həbs də götürülüb. Həmin məhkəmə qərarından narazı qalan L.Yunus və A.Yunus kassasiya şikayəti verib. Onlar barələrində bəraət hökmü çıxarılmasını istəyirlər.

Ali Məhkəmədə isə kassasiya şikayətimiz qismən təmin olunub, Bakı Apellyasiya Məhkəməsinin 09.12.2016-ci il tarixli apellyasiya şikayətinə yekun baxış iclasının qərarı ləğv edilib və iş yeni apellyasiya baxışına qaytarılıb.

Xatırladaq ki, L.Yunus və A.Yunus müalicə almaq üçün müvəqqəti Azərbaycan Respublikası hüdudlarından kənara çıxmağa icazə verilməsi üçün Yasamal Rayon Məhkəməsinə ərizə ilə müraciət ediblər. Məhkəmə iddia ərizəsini təmin etməyib. Onlardan qərardan apellyasiya şikayəti veriblər. Bu gün Bakı Apellyasiya Məhkəməsində də onların şikayətini təmin etməyib. Həmin qəradan narazı qalan L.Yunus və A.Yunus kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Məhkəmə onların şikayətini təmin edib.

Ötən il aprel ayında L.Yunus və A.Yunus Azərbaycanı tərk edərək, Hollandiyada gediblər. Onlar hazırda həmin ölkədə müalicə alırlar.

Son xəbərlər

Orphus sistemi