Ermənistan tərəfindən Qarabağda qanunsuz silahlı birləşmələrin tərkibinə cəlb olunmuş Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviç barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Report"un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.
Prokuror çıxış edərək E. Dubakovun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Prokuror həmçimin çıxışında bildirib ki, Dubakov cəzasını çəkib başa çatdırdıqdan sonra Azərbaycan ölkəsinin hüdudlarından çıxarılsın.
Prosesdə daha sonra təqsirləndirilən şəxsin vəkili çıxış edib.
Məhkəmə Eduard Dubakova son sözə hazırlaşmaq üçün vaxt verib.
Proses iyulun 22-də davam edəcək
İttihama görə, Edurard Dubakov Azərbaycanın işğalda olan torpaqlarına qanunsuz səfər edərək Kəlbəcər rayonu ərazisində hərbi təlimlərdə iştirak edib.
Daha sonra bu il yanvarın 14-də terror-təxribat törətmək məqsədilə Türkiyədən Bakıya gəlib. Keçirilən əməliyyat nəticəsində E. Dubakov saxlanılıb.
Dubakov Eduard Sergeyeviç barəsində Azərbaycan Cinayət Məcəlləsinin 214-3.1 (terrorçuluq, terrorçuluğu maliyələşdirmə), 218.2-ci (Cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham verilib.