Prezident: "Cənub Qaz Dəhlizinin uğurla başa çatması Azərbaycan üçün yeni imkanlar açacaq"

Prezident: "Cənub Qaz Dəhlizinin uğurla başa çatması Azərbaycan üçün yeni imkanlar açacaq" Bakı. 9 oktyabr. REPORT.AZ/ 2018-ci il bizim enerji siyasətimizin inkişafı üçün önəmli il olmuşdur. Bu ilin may ayında biz Bakıda Cənub Qaz Dəhlizinin rəsmi açılışını qeyd etdik. Bu, tarixi hadisədir. Ondan bir ay sonra Türkiyədə TANAP layihəsinin açılışını etdik və “Cənub Qaz Dəhlizi” layihəsi uğurla icra edilir. Bütün bu dörd layihənin hamısında çox gözəl nəticələr var.
Hadisə
9 Oktyabr , 2018 21:40
Prezident: Cənub Qaz Dəhlizinin uğurla başa çatması Azərbaycan üçün yeni imkanlar açacaq

Bakı. 9 oktyabr. REPORT.AZ/ "2018-ci il bizim enerji siyasətimizin inkişafı üçün önəmli il olmuşdur. Bu ilin may ayında biz Bakıda Cənub Qaz Dəhlizinin rəsmi açılışını qeyd etdik. Bu, tarixi hadisədir. Ondan bir ay sonra Türkiyədə TANAP layihəsinin açılışını etdik və “Cənub Qaz Dəhlizi” layihəsi uğurla icra edilir. Bütün bu dörd layihənin hamısında çox gözəl nəticələr var".

"Report" xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Dövlət başçısı deyib ki, bu il biz qaz hasilatımızı artıracağıq, artıq “Şahdəniz-2”dən qaz gəlir: "Gələn il, ondan sonrakı illərdə daha da artacaq. Yəni, biz tam hədəfə çatmaq üçün bütün işləri görürük və mənə verilən son məlumatlara görə, Cənub Qaz Dəhlizinin son hissəsi olan TAP layihəsinin icrası ilə bağlı da heç bir problem yoxdur.

Cənub Qaz Dəhlizinin uğurla başa çatması bizim üçün yeni imkanlar, yeni üfüqlər açacaq. Biz bir çox ölkələrin bazarlarına öz resurslarımızla çıxacağıq. Ondan sonra bunu nəzərə alaraq, biz o ölkələrdə yeni infrastruktur layihələri icra edə bilərik. Bu barədə danışıqlar gedir və əvvəlcədən bir şey demək istəmirəm. Amma hesab edirəm ki, biz, sadəcə olaraq, digər ölkələrə qazı təchiz edən ölkə kimi yox, ondan sonra qaz təsərrüfatının idarə edilməsi ilə bağlı da məşğul olmaq istəyirik. Bu, səmərəliliyi, gəlirimizi daha da artıracaq və çalışacağımız ölkələrdə də yeni infrastruktur yaradılmasına gətirib çıxaracaq.

Əlbəttə ki, ilin doqquz ayının yekunları haqqında danışarkən Ələt Beynəlxalq Dəniz Ticarət Limanını qeyd etməmək mümkün deyil. Bu da tarixi layihədir, Xəzər dənizinin ən böyük limanıdır. Liman may ayında istifadəyə verildi. Beləliklə, Şərq-Qərb nəqliyyat dəhlizinin uğurlu fəaliyyəti üçün çox önəmli infrastruktur layihəsi həyata keçirildi. Bundan sonra biz əlbəttə ki, öz tranzit imkanlarımızı artıracağıq. Bu gün biz nəinki Şərq-Qərb, eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin fəal iştirakçısıyıq. Bu dəhliz vasitəsilə göndərilən yüklərin həcmi artır. Mən bu rəqəmi səsləndirmişdim, bir daha demək istəyirəm ki, ilin əvvəlindən Şimal-Cənub nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisindən daşınan yüklərin həcmi yüz dəfədən çox artmışdır. Bu, hələ başlanğıcdır. Biz indi tərəfdaş ölkələrlə bu layihənin tam həyata keçirilməsi üçün çox ciddi danışıqlar aparırıq. Azərbaycanın həm texniki təcrübəsi, həm də mütəxəssisləri və maliyyə resursları var. Azərbaycan ərazisində bütün işləri biz özümüz gördük və başqa yerlərə də öz maliyyə imkanlarımızı cəlb edə bilərik ki, bu dəhliz tam gücü ilə işləsin və ölkəmizə əlavə valyuta gətirsin. Bizim əsas məqsədimiz budur. Əlbəttə ki, tranzit ölkələrin siyasi çəkisi də, siyasi imkanları da artır. Regionda əməkdaşlığın inkişafı üçün o ölkələrin rolu artır. Biz istəyirik ki, bizim rolumuz artsın. Biz istəyirik ki, Azərbaycan ilə daha çox hesablaşsınlar. Biz istəyirik ki, Azərbaycandan daha çox məsələlər asılı olsun və buna nail oluruq".

Azərbaycan Prezidenti deyib ki, regionda baş verən hadisələr, bizim təşəbbüsümüzlə icra edilən nəhəng enerji, nəqliyyat layihələri, digər sahələrdə apardığımız işlər siyasi çəkimizi böyük dərəcədə artırıb: "Bu gün Azərbaycan çox dəyərli, böyük hörmətə, yüksək beynəlxalq nüfuza malik olan bir ölkədir. Təkcə bizim yaratdığımız imkanlara görə yox, eyni zamanda, bəlkə də, ilk növbədə, ona görə ki, bizim sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur. Biz prinsipial siyasət aparırıq. Bütün prinsipial məsələlərlə bağlı öz mövqeyimizi ortaya qoyuruq, ölkəmizin milli maraqlarını layiqincə yerinə yetiririk və bundan sonra da bu yolla gedəcəyik".

Son xəbərlər

Orphus sistemi