Penitensiar Xidmətin bölük komandirinin məhkəməsində şahidlər ifadə verib

Penitensiar Xidmətin bölük komandirinin məhkəməsində şahidlər ifadə verib Bakı Ağır Cinayətlər Məhkəməsində Penitensiar Xidmətin hərbi hissəsində bölük komandiri olmuş Kazım Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hadisə
17 Sentyabr , 2019 12:03
Penitensiar Xidmətin bölük komandirinin məhkəməsində şahidlər ifadə verib

Bakı Ağır Cinayətlər Məhkəməsində Penitensiar Xidmətin hərbi hissəsində bölük komandiri olmuş Kazım Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report"un xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmə iclasında Kənan Məmmədov şahid qismində ifadə verib.

O, istintaqa ifadəsində komandirinin ondan rüşvət aldığını, bunun qarşılığında da buraxılışa göndərildiyini desə də, məhkəmədə bunu qismən təsdiqləyib. Məmmədov buraxılış üçün 40 manat pul verdiyini təsdiqləyib, amma söyləyib ki, pulu birbaşa olaraq Kazım Həsənova verməyib.

Daha sonra hakim Cavid Hüseynov təqsirləndirilən K.Həsənova sual verərək, əsgərlərin onun barəsində şikayət etməsinin səbəbini soruşub.

K.Həsənov bildirib ki, həmin ərəfədə əsgərin əsgəri vurması ilə nəticələnən insident olub. Bundan sonra Hərbi Prokurorluq araşdırma aparıb: "Əsgərin əsgəri vurmasında mənim heç bir günahım yox idi. Həmin iş araşdırılanda ortaya çıxdı ki, əsgərlər məndən şikayət edib. Deyiblər ki, guya onlardan pul almışam. Halbuki belə bir hal olmamışdı. Əsgərlərdən təzyiqlə bu cür ifadələr alıblar. Amma heç biri məhkəmədə bunu təsdiqləmir".

Məhkəmə iclasının davamında hərbi hissədə əsgər olmuş Rauf Qasımzadə də şahid qismində ifadə verib. O, yuxarıda öz əsgər yoldaşını gülləl'diyinə görə həbsdədir.

Şahid kimi dindirilən Qasımzadə ilk olaraq deyib ki, istintaqda düzgün ifadə verməyib. Bildirib ki, o, əsgər yoldaşını güllələdikdən sonra şokda olub və nəticədə K.Həsənovun əleyhinə ifadə alıblar.

Prokurorun suallarına cavab verən Qasımzadə bildirib ki, istintaqda komandiri Həsənovun ondan rüşvət aldığını deyib, amma bu düzgün deyil.

Qasımzadə prokurorun "Bir ilə yaxındır ki, yalan ifadə verdiyiniz barədə niyə heç bir quruma müraciət etməmisiniz" sualına da cavab olaraq bildirib ki, yenidən cinayət məsuliyyətinə cəlb edilmədən ehtiyat edib: "Fikirləşdim ki, barəmdə cinayət işi gedir. Bunu desəydim barəmdə yalan ifadə verməyə görə də cinayət işi aça bilərdilər".

Qasımzadə əsgər yoldaşı İlkin Tarverdiyevi odlu silahla yaraladığına görə 5 il müddətinə azadlıqdan məhrum edildiyini deyib. O, cəzasının bir ildən artığını çəkib.

Məhkəmə iclası sentyabrın 24-ü davam etdiriləcək.

Qeyd edək ki, rəsmi ittihama görə, K.Həsənov tabeliyində olam əsgərlərdən həftəsonu buraxılış üçün 30-40 manat məbləğində rüşvət alıb.

İttihama münasibət bildirən K.Həsənov özünü qətiyyən təqsirli bilməyib.

K.Həsənova qarşı Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham edilir.

Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi