Ögey qızını döyərək öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsində doğma qızı və arvadı ifadə verib

Ögey qızını döyərək öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsində doğma qızı və arvadı ifadə verib "Ramilə pis qız deyildi, heç nəyin üstündə döyülürdü..."
Hadisə
19 İyun , 2017 14:49
Ögey qızını döyərək öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsində doğma qızı və arvadı ifadə verib

Bakı. 19 iyun. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində ögey qızını döyərək öldürməkdə təqsirləndirilən Elnar Hacıyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin 10 yaşlı qızı Həcər Hacıyeva şahid qismində dindirilib.

Qanuni nümayəndə kimi anası Bülbül Hacıyevanın da iştirak etdiyi iclasda H.Hacıyeva bildirib ki, ölən qız anası ilə onlarda qalırdı: "Həmin gün parka getdik. Atam Ramiləni aparmamışdı. O, evdə qalmışdı. Evə qayıdanda atam su istədi ki, ayaqlarını yusun. Mən gətirdim atam ayaqlarını yudu. Sonra Ramiləyə tapşırdı ki, ləyəni aparsın. Onun gücü çatmadı, suyu yerə tökdü. Atam qızı döydü. Yerə yıxdı, sillə təpik vurdu. Mən də oturub pəncərədən baxırdım. Atam Ramiləni başını divara çırpdı, o özündən getdi. Başını soyuq su ilə yudu. Lakin ayılmadı".

H.Hacıyeva qeyd edib ki, hadisədən sonra atası E.Hacıyev öz anasını (qızın nənəsi) çağırıb: "Nənəm gəldi. Mənə dedilər ki, "kim səndən soruşsa deyərsən ki, Ramilə yıxılıb belə olub". Nənəm qızın meyitini yudurtmağa apardı. Ramiləni atam da döyürdü, anası Samirə də. Ramilə pis qız deyildi. Heç nəyin üstündə döyülürdü".

Təqsirləndirilən E.Hacıyev isə qızının dediklərinin həqiqət olmadığını söyləyib: "Onu anası öyrədib".

Məhkəmədə H.Hacıyevanın istintaqda verdiyi ifadələri elan olunub. O, istintaqa verdiyi ilkin ifadəsində qeyd edib ki, Ramilə yıxılaraq ölüb. İlkin ifadəsindən bir neçə həftə isə sonra o, 6 yaşlı Ramilənin atası tərəfindən döyülərək qətlə yetirildiyi bildirib.

H.Hacıyeva məhkəmədə verdiyi ifadəsinin düzgün olduğunu söyləyib.

Daha sonra şahid qismində H.Hacıyevanın anası Bülbül Hacıyeva dindirilib. O, hazırda qadın salonunda tatu ustası kimi çalışdığını deyib.

Mərhumun anası Samirə Yarıyeva da ifadə verib. Məlum olub ki, S.Yarıyeva hazırda həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin 133-cü (işgəncə vermə) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq belə nəticəyə gəlib ki, S.Yarıyeva mütəmadi olaraq, uşağını döyüb, meyitin üzərində aşkarlanmış xəsarətlərin bir neçəsini də hadisədən əvvəl öz anası yetirib.

S.Yarıyeva məhkəmədə ifadəsində bildirib ki, həyat yoldaşından boşandıqdan sonra 4 uşağı ilə Bakıya gəlib: "Uşaqları saxlaya bilmədim. 3-nü aparıb uşaqlar evinə qoydum. Bircə Ramiləni özümlə saxladım. Kafelərdə ofisant işləyirdim. 2016-cı ildə Elnarla tanış oldum".

O qeyd edib ki, hadisə günü Elnar ona zəng edərək təcili evə çağırıb: "Evə gələndə dedilər ki, Ramilə pilləkən yıxılıb ölüb. Özümə gələ bilmədim. Elnarın anası uşağı yumağa apardı. Sonra qızımın meyitini basdırmaq üçün Ağsuya göndərdim. Qardaşım orda dedi ki, qızın üstündən sanki maşın keçib. Mən də "102" zəng edib, qızımın avtomobillə vurulduğunu dedim".

Prokurorun suallarına cavablandıran S.Yarıyeva heç vaxt qızını döymədiyini, əzab vermədiyini deyib. Bu zaman S.Yarıyeva özündən gedib. Məhkəmədə müəyyən fasilə yaranıb.

Daha sonra prosesdə bir neçə şahid dindirilib.

Məhkəmənin növbəti prosesi iyunun 23-nə təyin edilib.

Qeyd edək ki, ötən ili iyulun 29-da Xırdalan şəhərindəki evlərdən birində kirayədə yaşayan Ağsu rayon sakini Samirə Yarıyeva DİN-in "102 Zəng Mərkəzi"nə zəng edərək şəhər ərazisində qızı, 6 yaşlı Ramilənin müəyyən edilməmiş avtomobillə vurulması və onun ölməsi barədə məlumat verib.

Meyitin müayinəsi zamanı uşağın avtomobillə vurulması deyil, onun zorakılıq əlamətləri nəticəsində öldürülməsi müəyyən edilib.

Faktla əlaqədar cinayət işi başlanıb.

Abşeron Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində uşağı döyərək öldürməkdə şübhəli bilinən Ağsu rayon sakini, əvvəllər məhkum olunmuş Elnar Hacıyev tutulub.

O, Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, bu Məcəllənin 126.1 və 126.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi