Ödənişli yolda ağır xəsarət alan şəxs Bakıdakı xəstəxanaların birinə göndərilib.
"Report"un Şimal bürosunun məlumatına görə, ödənişli yolun Şabran rayonu ərazisindən keçən hissəsində baş vermiş avtoqəzada xəsarət alan Bakı şəhər sakini, 2003-cü il təvəllüdlü Təhməzova Nərmin Elnur qızı paytaxtdakı xəstəxanalardan birinə göndərilib.
Onun vəziyyətinin ağır olaraq qaldığı bildirilir.
Qeyd edək ki, avtomobil qəzası nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb, onlardan iki nəfərin müalicəsi ambulator davam etdirilir.
Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli yolunun Şabrandan keçən hissəsində ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un Şimal bürosunun məlumatına görə, "BMW" markalı avtomobil ödənişli yolda idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Qəza nəticəsində sürücü Cəfər Həsənov aldığı xəsarətlərdən yerindəcə keçinib.
Avtomobildə olan digər sərnişinlər - 2002-ci il təvəllüdlü Emin Xudiyev, 2003-cü il təvəllüdlü Nərmin Təhməzova, 1998-ci il təvəllüdlü Qocayeva Leyla müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar xəstəxanaya çatdırılıb. Ölən və xəsarət alanların hamısı Bakı şəhər sakinidirlər.
Faktla bağlı araşdırma aparılır.