Yuxarı
    Bağlamaq

    Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi bəzi saytların bloklanmasının səbəbini açıqlayıb

    Proses mayın 3-də davam etdiriləcək

    Bakı. 1 may. REPORT.AZ/ Bu gün Səbail Rayon Məhkəməsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin "Azadlıq" qəzetinin azadlıq.info, "Azadlıq" radiosunun azadlıq.org, azərbaycansaatı.com, Meydan.tv saytları və "Turan” telekanalı (Turan TV) və “Azərbaycan saatı” teleproqramlarının bloklanması ilə bağlı məhkəmə iclası davam etdirilib.

    "Report"un xəbərinə görə, hakim Nurəddin Bağırovun sədrliyi ilə prosesdə həm nazirliyin, həm də Elektron Təhlükəsizlik Mərkəzinin nümayəndələri iştirak ediblər. Nazirliyin nümayəndəsi Bəxtiyar Məmmədli çıxışında bildirib ki, baş prokuror Zakir Qaralovun imzası ilə martın 27-də nazirliyə məktub daxil olub. Onun sözlərinə görə, məktubda göstərilib ki, sözügedən saytlarda ölkənin konstitusion quruluşunun zorla dəyişdirilməsinə, destruktiv hərəkətlərə çağırış, radikal dini qrupların təbliğinə yönəlik materiallar yayımlanır: "Həmin materiallar dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid yaratdığına görə tədbir görülməsi istənilib. Nazir də prokurorluqdan gəlmiş bu məktub əsasında elə həmin gün təxirə salınmadan tədbir görüb və ölkə ərazisində həmin saytlara giriş məhdudlaşdırılıb".

    B.Məmmədli qeyd edib ki, mayın 27-də prokurorluqdan gələn məktuba saytlarda gedən konkret məqalələr də əlavə olunub. O, məqalələrin surətini saytların nümayəndələrinə təqdim edib.

    Prosesdə saytların maraqlarını təmsil edən vəkillər vərəqlərin sübut kimi qəbul olunmasına etiraz ediblər. "Azadliq.info"nun nümayəndəsi vəkil Cavad Cavadov linqvistik ekspertiza təyin olunması, həmçinin prokurorluğun da üçüncü tərəf qismində prosesə cəlb olunmasını istəyib. Hakim qeyd edib ki, həm linqvistik ekspertiza, həm də prokurorluğun prosesə cəlbi məsələsinə növbəti məhkəmə iclasında baxılacaq.

    Proses mayın 3-də davam etdiriləcək.

    Qeyd edik ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi Azadlıq qəzetinin azadlıq.info, Azadlıq raiosunun azadlıq.org, azərbaycansaatı.com, Meydan.tv saytlarını və Turan” telekanalı (Turan TV) və “Azərbaycan saatı” teleproqramlarının bloklanması ilə bağlı Səbail Rayon Məhkəməsinə müraciət edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi