"MTN işi": "2010-cu ildə Elşad Abdullayev məni videoya çəkib"

"MTN işi": "2010-cu ildə Elşad Abdullayev məni videoya çəkib" "Banka depozit qoyduğum üçün həbs edildim..."
Hadisə
398
9 Fevral , 2017 17:59
MTN işi: 2010-cu ildə Elşad Abdullayev məni videoya çəkib

Bakı. 9 fevral. REPORT.AZ/ Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin İbtidai istintaq idarəsinin 2-ci şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

"Report"un xəbərinə görə, Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində tanınan iş adamı Nizami Kazımovun epizodu üzrə şahid qismində Şahin Hüseynov ifadə verib.

O, N.Kazımovun kürəkəni Samirin dostu olduğunu deyib. Şahid bildirib ki, “Çanaqqala” restoranında Tahir Əbdülqasımov və onun oğlu ilə birlikdə olub: "Həmin vaxt Tahir müəllim Nizami Kazımovun həbsdən azad edilməsi üçün evdən pul götürüb, MTN-ə aparmaq lazım olduğunu söylədi. Biz birlikdə pulu evdən götürəndən sonra maşını MTN-dən 20 metr aralıda saxladıq. Samir pulu MTN-nin qapısına çıxan şəxsə verdi”.

Sonra iş adamı Hüseyn Səfərova qarşı edilən qanun pozuntuları ilə bağlı ittiham üzrə şahid qismində Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Anatomiya Elmi Təcrübə Tədrisi birliyinin ekspertiza şöbəsinin rəisi Ziyafəddin Məmmədov dindirilib. O, H.Səfərovu 2008-ci ildə MTN-nin istintaq təcridxanasında saxlanıldığı zaman müayinə etdiyini, xəstə olması ilə bağlı ekspertiza rəyi verdiyini, həmin ekspertiza rəyini təsdiqlədiyini deyib.

Şahid qismində dindirilən Nizaməddin Məmmədov söyləyib ki, zərərçəkmiş H.Səfərovla quda olub. O, 2008-ci ildə H.Səfərovun həbsdən azad edilməsi üçün pul yığıldığını deyib: "Bunun üçün mən də 150 min manat vermişəm, lakin hələ də qudamın imkanı yoxdur ki, borcunu qaytarsıpn".

Şahid İlham Məmmədov ifadəsində bildirib ki, H.Səfərov “Texnikabank”ın Bakı filialına depozit pul qoyduğu üçün MTN tərəfindən həbs edilib: “Mən də həmin illərdə banka pul qoymuşdum. Amma sonradan pulumu həmin bankdan geri götürmüşdüm”.

V.Ələkbərovun sözlərinə görə, şahid İ.Məmmədovun banka qoyduğu pulunu geri qaytarması ilə bağlı istintaqını apardığı “Texnikabank”ın Bakı filialının vəzifəli şəxslərinin barəsində olan 613 saylı cinayət işində öz əksini tapıb.

Zərərçəkmiş H.Səfərov çıxışında qeyd edib ki, 2010-cu ildə Elşad Abdullayev tərəfindən videoya çəkilib: “Həmin video internetdə var. O vaxtı bildirmişəm ki, mənim 2 milyon dollarımı Mövlam Şıxəliyev Vüsal Ələkbərovun əli ilə alıb”.

Daha sonra zərərçəkmiş şəxs qismində tanınan iş adamı Elşən Mədətova qarşı edilən cinayətlərlə bağlı şahidlər dindirilib. Şahid qismində E.Mədətovun tələbə yoldaşı Qaçay Əzizov ifadə verib. O, 2008-ci ildə E.Mədətovun MTN tərəfindən sıxışdırılması, ondan külli miqdarda pul tələb edilməsini eşitdiyini söyləyib: “Bütün bunları mənə Elşənin özü deyib. Ona maddi cəhətdən köməklik etməyimi də istədi. Mən də özümdə olan 45 min manatı, tanışım İlkindən aldığım 20 min manatı da götürərək, ona verdim. Sonradan eşitdim ki, Elşən həmin pulu həbs edilməməsi üçün MTN-in vəzifəli şəxslərinə verib”.

Məhkəmənin növbəti iclası fevralın 16-na təyin edilib.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2-ci (mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmə), 294.3-cü (sübutları saxtalaşdırma, ağır və ya xüsusilə ağır cinayətlər haqqında cinayət işi üzrə sübutları saxtalaşdırma, habelə digər işlər üzrə sübutların saxtalaşdırılması ağır nəticələrə səbəb olma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham edilir.

Həbsdə olan V.Ələkbərova məxsus olan və həyat yoldaşı Şəhla Ələkbərovanın adına rəsmiləşdirilmiş Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində 0,18 ha torpaq sahəsi və fərdi yaşayış evi, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 164, mənzil 42 ünvanında yerləşən mənzilinə üzərinə həbs qoyulub.

Üzərinə həbs qoyulan əmlakların ümumi dəyəri isə 1 milyon 277 min manat hesablanıb.

Son xəbərlər

Orphus sistemi